“Orta təhsillə bağlı çox ciddi problemlərimiz var”backend

“Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı çox ciddi problemlərimiz var”.

“Yeni Gündəm” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

“Biz həmişə problemlər barədə danışanda emosional danışa bilərik, hisslərimizi ifadə edə bilərik, yaxud strukturlaşmış, təhlil edilmiş danışa bilərik.

İstənilən təhsilin ən yaxşı göstəricisi həmin təhsil sisteminin beynəlxalq qiymətləndirmələrdə, tədqiqatlarda görünən şagird nailiyyətləridir. Burada iki xəbər var: bir xəbər yaxşıdır, biri o qədər də yaxşı olmayan xəbərdir.

Yaxşı xəbər odur ki, Azərbaycan qorxmadan, baxmayaraq ki, biz bu cədvəllərdə elə də yuxarı sıralarda olmuruq, bütün tədqiqatlarda iştirak edirik”, – nazir bildirib.

O vurğulayıb ki, bu gün Azərbaycan ölkə olaraq dünyanın inkişaf etmiş ölkələrinin qoşulduğu bütün beynəlxalq qiymətləndirmələrdə iştirak edir:

“Onu da qeyd edim ki, qoşulduğumuz bütün beynəlxalq qiymətləndirmələrdə şagird nailiyyətləri yaxşıya doğru dəyişir. Ölçülə bilən istənilən şagird nailiyyəti ilə bağlı nəticələrə baxsanız, 5-10-15 illik perspektivdə Azərbaycan şagirdlərinin nailiyyətlərində müsbət dinamika var.

Bunun yeganə əskik arqumenti ola bilər ki, kimsə o rəqəmlərə baxır və göstərir ki, bu, belə deyil.

Azərbaycan 2011-2019-cu illərdə TEAMS üzrə 4-cü sinif şagirdlərinin riyaziyyat üzrə göstərdikləri nəticələrə görə həm həmin ilin tədqiqatında ən yüksək nəticə, həm də ümumiyyətlə TEAMS qiymətləndirilməsi keçirilən müddət ərzində göstərilən ən yüksək dinamika idi.

Eyni zamanda, görürük ki, biz arzu etdiyimiz səviyyədən nə qədər uzaqdayıq. Ən vacibi isə “Niyə uzaqdayıq?” sualıdır. Niyə uzaqda olmağımızın da cavabını bilirik. Ən azından tədqiqatlarda yazılıb. Birincisi, bizim məktəbəqədər təhsillə bağlı əhatəliliyimiz çox aşağıdır. İkincisi, ibtidai təhsillə bağlı ciddi ənənəvi xroniki problemlərimiz var. Üçüncüsü, məktəbdaxili mühitdə məzmun problemimiz var.

Dünyada aparılan qiymətləndirilmələrdə istifadə olunan suallarla vacib hesab edilən və uşağa əlaçı dediyimiz suallar arasında çox ciddi fərq var. Ona görə də bizim şagirdlərimiz həmin qiymətləndirmədə iştirak edəndə aşağı nəticə göstərirlər. Çünki onlar belə sualları heç vaxt görməyiblər. Mahiyyət etibarilə həmin boşluqları görürük deyə, sadəcə zaman lazımdır ki, nailiyyətlər bir günə olmayacaq. Bu gün məktəbəqədər hazırlığa gedən uşaqlar müəyyən müddətdən sonra beynəlxalq qiymətləndirmədə lazım olan nəticəni göstərə biləcək. Tez nəticə görmək mümkün deyil.

Əsaslı şəkildə görürük ki, təhsilin keyfiyyəti ilə bağlı daha çox işlər görməliyik. Eyni zamanda son illərdə Azərbaycanda təhsilin keyfiyyəti aşağı enib deyə arqumenti dəstəkləyən heç bir sübut yoxdur. Əksinə ölkədə son illər təhsilin keyfiyyətinin müsbətə doğru dəyişməsi ilə bağlı beynəlxalq qiymətləndirmələrin nəticələri var”.