“Oxuduğumuz hər sətirin arasından Kəlbəcərin, Laçının, Şuşanın sənə baxdığını hiss edirsən”backend

Bütün varlığımız milyonların yığışdığı bir ürəyə – Azərbaycana köklənib

Əlimə qələm götürüb yazdığım hər cümlədə, hər mətndə Vətən olsun istəyirəm. Vətən savaşının, haqq müharibəsinin getdiyi bir zamanda nə yazsan, nə oxusan gəlib ana vətən, doğma torpaq mövzusunun üzərində dayanır, oxuduğumuz hər mətndə, sətirlərin, cümlələrin, sözlərin arasından Füzilinin, Kəlbəcərin, Laçının, Şuşanın… sənə doğru baxdığını hiss edirsən.

“Müharibə uşaqları”nın gözlərinin fotolentinə yazılan kadrlarla müqayisəyə gəlməsə də, 20 Yanvar hadisələri, atamın Şəhidlər Xiyabanı məzarlarının qazılmasına kömək üçün tez-tez evdə olmaması, şəhidlərin dəfni, Qarabağ müharibəsi qazisi Yaşar xala oğlumun 20 Yanvarın növbəti günü xəstəxanlara yaralı daşıyaraq üst-başının tamam qan içində bizə gəlməsi… yaddaş lentimə birdəfəlik həkk olunan görüntülərdir. Və bir də qərənfillər… Bu tip xatirələri unutmuş hesab edirsən bəzən, amma əslində “üstünü örtmüş” olursan bəlkə də. Yollardakı qan izlərini, gözümdə böyüyən zəhmli düşmən əsgərlərini, nəhəng düşmən tanklarını, anamın əlindən tutub qorxa-qorxa küçələrdən keçməyimizi, saatlarla çörək növbəsində dayanmağı… həmin qızcığaz ilk dəfədir yazıya köçürür. Amma tamam başqa bir hiss və duyğularla. Sən demə, 30 ilə yaxındır davam edən Qarabağın danışıqlar prosesi uzandıqca müqəddəs vətənimin hər bir nümayəndəsinin vətən-topaq-Azərbaycan sevdası böyüyüyb, ucalıb, daha da alovlanıb. Deyirlər, qılınc qınında qaldıqca pas atarmış. Nə yalan deyim, bu qorxunu keçirdiyim az vaxt olmayıb. Mənə elə gəlirdi biz 90-cı illərin uşaqları olaraq o çətin və qayğılı günlərin əyani iştrakçıları, canlı şahidləriyik. Qarabağı yadında saxlayan, xatırlayan sonuncu nəsil bəlkə də biz olarıq – deyə düşünürdüm. İndi fikirləşdirəm ki, çox da bədgümanlığa əsas yox imiş. Vətən genetik qan yaddaşı olduğu üçün unudula bilməz!

Tolerantlığı, dinlərə, mədəniyyətlərə dözümlü olmağı ilə dünya ictimaiyyətinə örnək ola biləcək Azərbaycan xalqı həmişə rəşadətiylə, döyüşkən ruhuyla seçilib. Tarix Azərbaycan xalqına möhtəşəm bir şans – düşmən tapdağında olan torpaqlarımızı azad etmək şansı, Qələbə şansı verdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ruhu barbarlıqdan yoğrulmuş bir toplumun təxribatına qarşı bu dəfə: “Vur!” deyib, əks-hücum, döyüş əmri verdi. Və bütün Azərbaycan xalqı ayağa durdu, “müharibə” libasını əyninə geyindi. Azərbaycan torpaqlarının düşən tapdağından azad olunması, Qarabağın xilası şansı daha böyük miqyasda, daha gərgin cəbhələrdə Ali Baş Komandan İlham Əliyevin adına yazıldı. Çoxdandır gözlədiyimiz an gəlib çatdı – illərlə davam edən “böyük atəşkəs” sükutundan sonra xalq, sanki yuxudan oyanırmış kimi bir ayrı ruhla özünü xatırladı. Qeyd-şərtsiz içi mən qarışıq, bütün Azərbaycan toplumu bəyanat verdi: “Müsəlləh əsgərəm mən də bugündən!”. Son 30 ilə yaxın bir müddətdə yenidən formalaşan milli ordumuz, ən müasir döyüş texnikası ilə silahlanmış qoşunlarımız bütün Qarabağ cəbhəsi boyu əks-həmləyə keçdi, qələbə missiyası, zəfər əzmi ilə döyşə atılan əsgərlərimiz tarixi uğurlarını qazandılar.

“Qarabağ Azərbaycandır!” – indi bu şüar ölkəmizdə kiçikdən-böyüyə hər kəsin dilində bir himn kimi səslənir. Bira aydan çoxdur davam edən haqq savaşımız nəticəsində Azərbaycan torpaqlarının xeyli hissəsinin azad olunması, rəşadətli ordumuzun erməni faşizmi üzərindəki parlaq qələbələri çox yaxında digər torpaqlarımızda da dalğalanacağına əmin olduğumuz üçrəngli bayrağımız çalışdığım Bakı Dövlət Universitetinin divarlarından asılıb. Azərbaycanımızın dövlət rəmzi bu gün qalibiyyət dalğası ilə dalğalanır. Doğma Universitetimin rektorundan tələbəsinə qədər hamı sevincli, qürurlu, iftixarlıdır. Hamı fərəhli ruhda, məğrur şəkildə, bir nəfər kimi mahir sərkərdəmizin – Ali Baş Komandanımızın, müzəffər ordumuzun yanında olduğunu ifadə edir. 20 ilə yaxındır bağlı olduğum bu elm məbədində bütün hisslər bir nöqtəyə – milyonların yığışdığı bir qəlbə – Azərbaycana cəmlənib. Biz artıq qalib ölkənin qalib vətəndaşları sayılırıq və bu zəfər ömrümüzün sonunadək bizə bəs edəcək.

Dünya var olduqca Azərbaycan yaşayacaq! Tanrı səni qorusun, ucalardan uca xalqım!

Günel İsgəndər (Orucəliyeva),

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri