Özbəkistan Prezidenti Türkiyəyə gedəcəkbackend

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 16-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Özbəkistan prezidenti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin “Fəlakət və fövqəladə halların idarə olunması və humanitar yardım” mövzusunda fövqəladə Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

Növbədənkənar sammitin gündəliyinə uyğun olaraq fövqəladə halların idarə olunması və humanitar yardım sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə səylərin əlaqələndirilməsi nəzərdən keçiriləcək.

Bundan əlavə, sammit zamanı beynəlxalq və regional əhəmiyyətli aktual problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər zamanı sammit çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu il Türk Dövlətləri Təşkilatına Özbəkistan Respublikası sədrlik edir. Səmərqənd sammitində əldə olunmuş razılaşmalara uyğun olaraq, ticarət, “yaşıl” iqtisadiyyat, investisiyalar, innovasiyalar, nəqliyyat, logistika, elm, təhsil və mədəni-humanitar mübadilə sahələrində qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş 30-dan çox çoxtərəfli tədbir keçirilib.

Fərahim Rəhimov