Özbəkistandakı səfirliyimiz Azərbaycana dönə bilməyən vətəndaşlarımızın qayğısına qalırbackend

Dünyada COVID-19 koronavirus pandemiyasının güclənməsi və ölkələrimizin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində Özbəkistandakı bir çox Azərbaycan vətəndaşının da Vətənə qayıtması qeyri-mümkün olub. Vətəndaşlarımız səfirliyimizə telefonla müraciət edərək Azərbaycan dövlətindən kömək istəyiblər.
Yaranmış vəziyyətlə əlaqədar ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev tərəfindən xüsusi komissiya yaradılıb, Özbəkistanda qalan Azərbaycan vətəndaşlarına dair araşdırma aparılıb.
Məlum olub ki, Özbəkistana müvəqqəti və iş məqsədilə gələn 174 Azərbaycan vətəndaşı Daşkənd, Səmərqənd, Anqren şəhərlərində məskunlaşıb. Səfirlik onların siyahısını hazırlayıb, ünvanları, əlaqə telefonları və digər məlumatları dəqiqləşdirib.
Özbəkistanda vətəndaşlarımıza yardım məqsədilə xüsusi fond yaradılıb və bu fonda səfirliyimizin diplomatları, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbəkistandakı azərbaycanlı iş adamları Nazim Musazadə və Elvin Məmmədov ianə veriblər.
İlk olaraq maddi vəziyyəti çətin, ailəli, uşaqlı şəxslərə pul vəsaiti verilib, dövlətimizin onların yanında olduğu bildirilib, vətəndaşlarımızın xarici ölkələrdən təxliyəsi ilə bağlı görülən işlər barədə məlumat çatdırılıb.
Azərbaycan səfirliyinin bu yardımını yüksək qiymətləndirən vətəndaşlarımız dövlətimizə öz təşəkkürlərini bildiriblər. Vətəndaşlarımız daim səfirliyimizlə əlaqədədirlər və onlar diplomatik nümayəndəliyimizin diqqət və qayğısı ilə əhatə olunublar.
Özbəkistanın Qaşqadərya vilayətinin Karşi şəhərindəki qaz emalı işləyən Alxas Əhmədov isə bunları deyib:“Özbəkistanda təyyarə reyslərinin dayandırıldığını biləndə əlacsız qaldıq və Azərbaycanın Özbəkistandakı səfirliyinə müraciət etdik. Səfir Hüseyn Quliyev göstəriş verdi, bizi mehmanxanaya yerləşdirdilər, dolanışığımız təmin olunub. İndi biz bütün Özbəkistan vətəndaşları kimi təcrid olunmuşuq. Ancaq zəruri ərzaq məhsulları almaq üçün yaxınlıqdakı bazara gedirik”. Alxas Əhmədov Özbəkistanda qalan Azərbaycan vətəndaşlarının problemlərinin həlli üçün xüsusi komissiya və fond yaradılmasından razılıq bildirib.
Səfir Hüseyn Quliyevin tapşırığı ilə Anqren şəhərində qalan 18 nəfərlik ailəyə 8 qutudan ibarət müxtəlif ərzaq məhsulları aparılıb.
Səfirliyin müşaviri Arif Abbasov və birinci katib, səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ərzaq məhsullarını Anqren şəhərində qohumlarının evində yaşayan ailəyə təhvil verib.
Ailənin başçısı Fəxri Paşayev deyib: “Biz Anqrendə qohumumuzun evində qalırıq. Əlimizdə olan pulumuzu da xərclədik, çıxılmaz vəziyyətə düşdük. Ümid yerimiz buradakı səfirliyimiz oldu. Zəng etdik, səfir Hüseyn Quliyev bizə hərtərəfli kömək etdi. Ümid edirik ki, təyyarə reysləri bərpa edilər və biz doğma Azərbaycana, ev-eşiyimizə qayıdaq”.
Özbəkistanda qalan digər Azərbaycan vətəndaşı Sərxan Məmmədov isə turizmlə bağlı danışıqlar üçün Daşkəndə gəldiyini deyib: “Martın 21-nə Bakıya biletim var idi. Həmin gün məlum oldu ki, Özbəkistan tərəfi uçuşları dayandırıb. Elə o vaxtdan Daşkənddə kirayədə yaşayıram. Səfir Hüseyn Quliyev və səfirliyin əməkdaşları kömək etdilər. İndi səbirsizliklə Vətənə qayıdacağım günü gözləyirəm”.
Səfiri Hüseyn Quliyev dünyada COVID-19 koronavirusunun yayılması və ölkələrimizin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması nəticəsində Özbəkistanda qalan vətəndaşlarımızın bir qrupu ilə görüşüb.
Hüseyn Quliyev deyib: “Biz də öz növbəmizdə yaranmış vəziyyəti yüngülləşdirmək üçün səfirlikdə komissiya və fond təsis etdik, bu ölkədə qalan Azərbaycan vətəndaşlarına dair araşdırma apardıq. Səfirliyin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbəkistandakı azərbaycanlı iş adamları Nazim Musazadə və Elvin Məmmədov ianə verdilər. Beləliklə, biz burada qalan vətəndaşlarımıza istər pul, istərsə də ərzaq baxımdan yardımlar etməyə başladıq”.

Görüşdə iştirak edən vətəndaşlarımızdan Sərxan Sultanov, İlqar Məciyev, Səbinə Məmmədova, Vasif Sadıqov və başqaları yardıma görə minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycana qayıtmalarına kömək göstərilməsini xahiş ediblər.
Görüşün sonunda səfirlik adından vətəndaşlarımıza yardım paketi verilib.
Görüşdə iştirak etməyən bir qrup vətəndaşımıza da yardım göndərilib.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın və Özbəkistanın xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması səbəbindən bu ölkədə 174 vətəndaşımız qalıb. İsrail Dövləti Özbəkistanda və Azərbaycanda qalan vətəndaşlarının təxliyəsi məqsədilə mayın 8-də Təl-Əviv-Daşkənd-Bakı-Təl-Əviv reysini həyata keçirib.
Azərbaycanın və İsrailin Özbəkistandakı səfirləri Hüseyn Quliyev və Eddi Şapir arasında əldə olunmuş razılığa əsasən 50 vətəndaşımız İsrail təyyarəsi ilə Bakıya yola salınıb. Vətəndaşlarımız arasında ilk olaraq uşaqlı ailələr, qadınlar və xroniki xəstəliyi olanlar seçilib.
Qeyd edək ki, Daşkənd şəhərində qalmış və səhhətində problemlər yaranan vətəndaşlarımıza Səfirlik tərəfindən bir sıra dərman vasitələri göndərilmiş, onların xəstəxanalarda müalicəsinə dəstək göstərilmişdir.
Yaxın günlərdə Səfirliyin müraciəti və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin göstərişi ilə Diasporla iş üzrə Dövlət Komitəsi pandemiya ilə əlaqədar Özbəkistanda qalmış azərbaycan vətəndaşlarına maliyyə vəsaiti göndərilib. Sözügedən vəsait Səfirliyin nümayəndəsinin iştirakı ilə vətəndaşlarımıza paylanılmışdır.