“Özəlləşdirmə çeklərinin bərpası vacibdir”backend

“Özəlləşdirmə çeklərinin bərpası vacibdir”

Deputatdan reaksiya 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” yazılıb. Bu çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Dövlət özəlləşdirmə payı ölkəmizin qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-cı maddəsində özəlləşdirmə payı anlayışı verilərək deyilir ki, “bu pay Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları “Özəlləşdirmə haqqında” Dövlət Proqramı ilə müəyyənləşdirilir. Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair ilk Dövlət Proqarmı isə 29 sentyabr 1995-cil tarixində qəbul olunub. Dövlət özəlləşdirmə payı sahibinə dövlət əmlakı üzərində mülkiyyət hüququnu verən anlayışdır. İndiki dövrdə özəlləşdirmə çeklərinin tədavülünün dayandırılması isə cəmiyyətin bir qisminin narazılığına səbəb olub. Belə ki, əlində çeki qalan şəxslər bu çeklərin yenidən tədavülə buraxılacağını və öz haqqlarından istifadə edə biləcəkləri günü gözləyirlər.

image-293228161_5208433879266620_2643590432194597047_n

Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev Qanunla.Az-a açıqlamasında qeyd edib ki, özəlləşdirmə çekləri xeyli insanların hələ də sandığında yatır. Deputat hətta özünün də 8-9 özəlləşdirmə çekinin olduğunu söyləyib: “Ataların bir sözü var: “Dəvə oynayanda qar yağar”. Həmin vaxt özəlləşdirmə çekləri bahalaşırdı. Mən də düşündüm ki, çoxlu çek alım, hər halda sərmayə qoyuluşudur. Dəqiq yadımda deyil, 100 manatdan çox pul xərcləmişdim. Demək olar, bir aylıq, hətta iki aylıq maaşım həmin çeklərə sərf etdim. Amma həmin dövrdə heç bir nəticəsini, faydasını görə bilmədim. Özəlləşdirmə çekləri insanlara paylananda əksəriyyət dəyərini anlamadı. Hamı aldı, satdı, hətta zəhmətkeşlərin də çeklərini alıb, uzaqlaşdırdılar. Həmin dövrdə ciddi qanun pozuntularının şahidi olduq. Fabrik və müəssisələr, zavodlar böyük hektarlarla əraziləri hiylə, aldatma yolu ilə özəlləşdirdilər. Nəticədə bəzi insanları bu, milyonerə çevirdi. Çoxları 50 milyon, 100 milyon, 500 milyon qazandılar. Alınan fabrik və zavodlarda iş yerləri açılmalı idi, sərmayə qoyulmalı idi. Amma bunu etməyənlər də oldu. Özəlləşdirmə çekləri ilə əldə edilən müəssisələr istifadəsiz qaldı. Qurumların daxilindəki avadanlıqları, dəzgahları, hətta dəmir-dümürü satıb, pula çevirdilər. Sonra isə həmin zavodun özünün ərazisini əldən çıxartdılar. Bəlkə də dünyanın heç bir yerində Azərbaycandakı kimi qanun pozuntuları ilə özəlləşdirilmə həyata keçirilmədi. Dövlətin isə müəyyən müəssisələri özəlləşdirməyə açıqdır. Özəlləşdirmə çeklərini bu dəfə qanuni yollarla, konkret qaydalarla, heç olmasa, pilot layihə kimi bərpasını həyata keçirə bilərlər. İnsanlar ən azından əlində qalan çeklərdən müəyyən qədər vəsait əldə edər. Düşünürəm ki, özəlləşdirmə çeklərinin dirildilməsinə ehtiyac var. Bu həm də iqtisadiyyatımız üçün yenilik olardı, bəlkə də insanlarımıza yeni sosial status qazandırardı. Özəlləşdirmə çeklərinin bərpasını vacib hesab edirəm”.

image-293206096_356379593337754_55122117432855242_n

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi sədri İlqar Hüseynliyə görə isə vətəndaşları sözügedən probleminin hansısa formada həllinə ehtiyac var: “Özəlləşdirmə çekləri müddətsizdir və tədavülü ilə bağlı hansısa müddət qoyulmamalı idi. Vətəndaşların sahib olduqları çeklərdən mülkiyyət əldə etməsi, özəlləşdirilməyə çıxarılan hansısa müəssisənin bir qisim hissələrinə sahib olmalıdır. O vaxtı vətəndaşlar üçün yaradılan bu imkanlardan yenə istifadəyə şərait yaradılmalıdır. Əgər çeklər tədavülə buraxılmasa, bu halda biri 4 paydan ibarət olan özəlləşdirmə çeklərinin real qiyməti ortaya qoyulmalı və vətəndaşlara kompensasiya ödənilməlidir”.