“Özünüzü təhlükəyə atmayın”- İlahiyyatçıdan Aşura tədbiri ilə bağlı ÇAĞIRIŞbackend

“Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi dövlətimizin pandemiya ilə mübarizədə qazandığı uğurlara zərbə vura, epidimioloji durumun yenidən pisləşməsinə səbəb ola bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Aşura ilə bağlı kütləvi dini tədbirlərin keçirilməsinin ölkədə koronavirusla bağlı epidimioloji vəziyyətə mümkün təsirini şərh edən tanınmış ilahiyyatçı Yaşar Qurbanov bildirib.

İlahiyyatçı müqəddəs Qurana istinad edərək, insanlara səslənib:

“İnsanların səhhətinin qorunması dinimizin əsas şərtlərindən biridir və buna əməl etməliyik. Allah Qurani Kərimin Əl Bəqərə surəsində buyurub ki, özünüzü təhlükəyə atmayın. Peyğəmbərimiz də buyurur ki, bir yerdə xəstəlik olarsa, o yerə getməyin. O xəstəliyin qarşısının alınması üçün hər cür tədbir görülməli və hər bir vətəndaş da buna əməl etməlidir. Məscidlərdə bayramlar keçirilmir, namazlar qılınmır. Bunlar hamısı bizim xeyrimizədir. Dövlət hər bir vətəndaşının yanındadır və onu qorumaq üçün çalışır. Biz də bu qanunlara əməl etməliyik”.

Y.Qurbanov insanlara çağırış edib:

“Pandemiya səbəbindən bu il ölkəmizdə Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları da qılınmadı. Hər birimiz bunu anlayışla qarşıladıq. Mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmaması qərarı da sağlamlığımız naminə atılan addım olacaq. Hər kəs bunu anlayışla qarşılamalıdır. Milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan xalqımız bu çətinliyə də qalib gələcək. Dini tədbirlərimizi qarşıdakı illərdə hamılıqla əvvəlki kimi davam etdirəcəyik”.

Cəvahir