Pakistan səfiri: “Kəşmir məsələsində Azərbaycan iki standartlardan uzaq olub”backend

Pakistanın Azərbaycandakı səfirliyində 5 avqust 2019-cu ildə Cəmmu və Kəşmirin statusunun ləğvi və bu ərazidə lokdaunun elan olunmasının 2-ci il dönümü ilə bağlı tədbir keçirilib.

“Yeni Gündəm”-in xəbərinə görə, tədbirdə Pakistanın Azərbaycandakı səfirinin müavini 5 avqustla əlaqədar Pakistan Xarici İşlər Nazirliyinin bəyanatını oxuyub.

Daha sonra Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee çıxış edib.

“Kəşmir məsələsində Azərbaycan hökumətinin, azərbaycanlı bacı və qardaşlarımızın dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan bütün beynəlxalq platformalarda bu məsələdə Pakistanın yanında yer alıb. Azərbaycanın dəstəyi hər zaman davamlı, güclü və açıq olub, başqa ölkələrdən fərqli olaraq Azərbaycan iki standartlardan uzaq olub”, – diplomat vurğulayıb.

O, ölkə başçısı, baş nazir, xarici işlər naziri səviyyəsində bu mövqeyin açıq şəkildə ifadə olunduğunu bildirib.

Səfir qeyd edib ki, istər Azərbaycanda istərsə də Pakistanda müxtəlif dinlərə məxsus vətəndaşlar sülh içində yaşayır.

B.Hayeenin sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyəti yaxın zamanda Azad Kəşmir bölgəsinə səfər edəcək: “Biz həmçinin qanunsuz işğal olunmuş Cəmmu və Kəşmirə girişin təmin olunmasını istəyərdik, amma Hindistan buna şərait yaratmır, oradakı vəziyyəti görməyə imkan vermir. Həmçinin müstəqil jurnalistlərin, humanitar təşkilatların, xaricdən səfər edən müşahidəçilərin Cəmmu və Kəşmirə girişə icazə verilmir. Hindistan oradakı ağır vəziyyəti dünyanın görməsini istəmir. Lakin bununla belə bəzi beynəlxalq humanitar təşkilatlar buna baxmayaraq ordakı vəziyyətlə bağlı hesabat hazırlaya biliblər”.

Pakistanlı diplomat diqqətə çatdırıb ki, Cəmmu və Kəşmirdə fərdlər yox, bütöv icma hədəf alınıb və Kəşmir liderləri həbs olunub: “Hindistan bu regionda bütöv bir icmanı qorxutmaq xətti yürüdür ki, kəşmirlilər öz hüquqlarını tələb etməsinlər. Bu cür siyasət, addımlar qəbuledilməzdir, bu fundamental azadlıqlara ziddir.”

B.Hayee Kəşmirin beynəlxalq mübahisə olduğunu BMT-nin gündəliyində qaldığını deyib. O bildirib ki, Avropa Parlamentində Kəşmirdəki vəziyyətlə bağlı dinləmələr keçirilib, onun ölkəsi Kəşmirlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını istəyir. O deyib ki, Cəmmu və Kəşmirdə referendum keçirilsə nəticə nə olur olsun, ölkəsi onu qəbul edəcək: “Pakistanın istədiyi odur ki, Cəmmu və Kəşmirdə insanların öz müqəddəratını təyin etmə hüququ da daxil olmaqla bütün hüquqları təmin olunsun”.