Pandemiyadan qurtulmaq üçün nə etmək lazımdır? – Həkim açıqladıbackend

Pandemiyadan qurtulmağın yolları:

1. Qorunmaq, qorunmaq və yenə də qorunmaq! Ən yaxşısı yoluxmamaqdır! Bu, müdrik adamların işidir. Hansılar ki, stereotiplərə təslim olmur, məsafə saxlayır, əllə görüşmür, öpüşmür, qucaqlaşmır, yas yerlərinə getmir, qonaqlıqlardan çəkinir, dezinfektantlardan istifadə edir və filtrsiz N95 maskası geyinir.

2. Yoluxduğu halda özünü izolyasiya edir, həkimə müraciət edir, panikaya düşmür.

3. Dövlət tərəfindən yoluxan şəxs aşkar edilirsə, onun birgə yaşadığı və işlədiyi şəxslər dərhal müayinəyə cəlb edilib, izolyasiya edilib, lazımi qida və əgər yoluxubsa və şikayətləri varsa, lazımi dərman vasitələrilə təmin edilməlidir.

4. İctimai nəqliyyatda, marketlərdə sıxlıqlar var. Dövlət bunu aradan qaldırmalıdır.

5. Dövlət öhdəsindən gələni etmirsə, heç olmasa biz üzərimizə düşəni edək, qaydalara əməl edək. Bu həyat, bu ömür bizimdir, özəldir, ona qiymət verək. Tutaq ki, dövlət hər şeyi etmir, ölməliyikmi? Xeyr! Bacardıqca qorunmalı və yoluxduğumuz halda lazımi tədbirləri görməliyik.

6. Dövlət tərəfindən tibb işçilərinə lazımi maddi və mənəvi dəstək olmalıdır ki, tibb işçiləri motivasiya edilsin ki, pandemiya ilə mübarizədə maksimumu etsin.

7. Unutmayaq! Heç kim ölənlə ölmür. 1-2 gün ağlayıb normal həyatına davam edir! Bir gün biri molladan soruşur ki, ay molla bu ölünü basdırmağa aparırlar tabutda, onun qabaq tərəfində getmək yaxşıdır? Yoxsa arxa tərəfində? Molla da deyir: harasında gedirsən get, çalış bircə içində getmə.

8. Yaxşı həkimlərin məsləhətinə qulaq asaq, əməl edək.

9. Boş-boş “5G”, “İnsanları öldürmək istəyirlər”, “Masson, Bill Gatesin oyunudur” kimi mənasız məntiqsiz, tibbdən xəbəri olmayanların sözünə qulaq asmayaq. Bunu deyənlər bizim qayğımızı çəkməyəcək, yoluxanda bizi müalicə etməyəcək.

10. Bəziləri deyir ki, iki milyardlıq Çində necə bitdi pandemiya? Çünki Çində çox sərt karantin tətbiq edildi. Biz buna dözmərik. Yoluxanlar və onların kontaktda olduğu şəxslər dərhal izolyasiya edildi, test edildi, lazımi qida və dərmanla təchiz edildi.

11. Test analizi müsbət çıxanların bütün kontaktda olduğu şəxslər test edilməli, lazımi qida vasitələri ilə təmin edilərək izolyasiya edilməlidir.

12. Düzdür, əksər insanlar xəstəliyi yüngül keçirir, amma, o yüngül keçirənlərin yoluxdurduğu yaşlı, şəkərli diabetli və yanaşı digər xəstəlikləri olan insanların xəstəliyi necə keçirəcəklərini bilmirik, yəni sosial məsuliyyətimizi dərk etməliyik. Dünya təkcə bizdən ibarət deyil! Digərlərini də düşünməliyik.

13. Mütləq peyvənd etdirək. Peyvənd ölümün qarşısını, demək olar ki, alır.

Aydın Əliyev

Həkim