Paşinyan hakimiyyətdə qalsa, NƏLƏR BAŞ VERƏCƏK? – MARAQLI CAVABbackend

Cəmi 9 gündən sonra Ermənistanda keçiriləcək erkən parlament seçkiləri ilə bağlı Azərbaycan ictimaiyyətini bir çox suallar narahat edir. Onlardan biri də Nikol Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə 10 Noyabr razılaşmasının həlli yarımçıq qalmış müddəalarının sonadək həyata keçirilməsini təmin edib-edə bilməyəcəyidir.

“Hesab edirəm ki, 10 Noyabr razılaşmasının həyata keçirilməmiş əsasən bir bəndi qalıb: Zəngəzur dəhlizinin bərpası. Digər yarımçıq icra olunmuş maddə isə erməni ordusunun keçmiş Dağlıq Qarabağ ərazisindəki az sayda qalıqlarının çıxarılmasıdır. Bir də Ermənistanla sərhədlərin demilitasiya və demarkasiyası… Bunların həyata keçirilməsi, zənnimcə, Paşinyan üçün o qədər də problem yaratmayacaq”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov söyləyib.

“Axı bəzi məlumatlara görə, hazırda Yuxarı Qarabağın nəzarətimizdə olmayan hissələrində  bəlkə də 10 mindən çox erməni hərbçisi var?” sualına cavabında isə keçmiş baş diplomat belə deyib:

“Yox, inanmıram ki, Qarabağda bu sayda erməni silahlısı qalsın. Bunlar hamısı oradakı qondarma rejimin guya hələ də “müdafiə ordusu”na malik olması haqda görüntü yaratmaq üçün ortalığa atılan rəqəmlərdir. Sadəcə, Azərbaycan Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsində buraxılışın sərtləşdirilməsinə nail olmaqla bu məsələnin həllini tezləşdirə bilər”.

Politoloq Qarabağdakı problemlərin həllində Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin əhəmiyyətindən də danışıb.

“Və eyni zamanda Türkiyə-Rusiya birgə monitorinq mərkəzi bu məsələdə ciddi rol oynamalıdır. Yəni həmin mərkəz PUA-lar vasitəsilə əraziyə nəzarət etməklə toplanan məlumatların təhlilini apararaq  Yuxarı Qarabağda nə qədər qanunsuz silahlı qüvvə olduğunu müəyyənləşdirə və onların kimliyini də identifikasiya edə bilərlər. Bundan sonra həm bilavasitə Ermənistan ordusunun Qarabağdakı qalıqları, eyni zamanda oradakı yerli ermənilərdən təşkil olunmuş silahlı qüvvələr tərksilah olunmalıdır. Çünki onların orada qalması, təbii ki, sülhə gətirib çıxarmayacaq”- deyə T.Zülfüqarov vurğulayıb.