Paşinyan: “Xalq qalib kimi yaşamağa başlamalıdır”backend

Ermənistan Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Hakobyanla qısamüddətli məzuniyyətdən sonrakı ilk iş günündə Azərbaycanla həmsərhəd Tavuş bölgəsinin kəndlərinə səfər edib.

“İlk öncə hamınıza iyulda qalibiyyətli döyüşlər üçün təşəkkür etmək istəyirəm. Çünki, doğrudur, qələbəmizi Silahlı Qüvvələr yaradıb, lakin onları belə güclü və cəsarətli edən möhkəm cəbhə arxası olmasına inamıdır. Bunun üçün sizə təşəkkür edirəm”, – Paşinyan Çinari sakinləri qarşısında çıxışı zamanı deyib.

Paşinyanla Anna Hakobyan Çinari sakinlərindən birinin iyul döyüşləri zamanı dağılmış, indi yeni tikilən evin inşaatı ilə maraqlanıblar.

Paşinyan deyib ki, sərhəd kəndlərində xüsusi dövlət siyasəti yeridilir və bir misal olaraq, xatırladıb ki, hazırda sərhəd bölgəsində işləyən qadınlar doğulan uşağa baxmaq üçün ayda 50 min dram (təxminən 103 dollar), işləməyən qadınlar üçün 26 min dram (təxminən 54 dollar) müavinət alacaqlar.

O deyib ki, 90-cı illərdən bəri Çinari kəndində ilk dəfə “sıfırdan, təməldən” yeni ev tikilir.

“Son illər Çinari mənim üçün bir nümunə olub. Bizim məqsədimiz əncir ixracını ötən ilki 600 tondan 6000 tona çatdırmaqdır. Sizin problemlərinizin həlli torpaqdadır. Məqsədimiz – əncir bağlarınızı pul çap edən maşına çevirməkdir”, – Paşinyan deyib.

Ermənistan Baş naziri bəyan edib ki, “iyul qələbəsi” Çinari kəndi və bütövlüklə sərhəd bölgəsi icmalarının dirçəlişinin başlanğıcı olmalıdır.

“Biz yoxsulluğumuzu dəf etməliyik. Və günün ən önəmli mənası bundadır. Çünki qalib gəlmiş xalq qalib kimi yaşamağa başlamalıdır. Bunun süfrələrdəki və ciblərdək bolluğa ya boşluğa heç bir aidiyyəti yoxdur. Bu, ilk növbədə, ovqatla, ruhi vəziyyətlə bağlıdır. Bu ruhi vəziyyət peyda olandan sonra qalan hər şey bir-bir həll olunacaq”, – Paşinyan izah edib.

Baş nazir və Anna Hakobyan Movses icması sakinləri ilə kilsənin həyətində görüşüblər. Burada əsasən kənddə aparılan yol-tikinti işlərindən danışıblar.

Paşinyan kəndin 300 illik tarixində ilk dəfə asfalt yol salındığını qeyd edib.

Baş nazir Paşinyan baş çəkdiyi Ayqepar icması sakinlərini inşaatçılıqdan başqa, həm də onlara “ləyaqətlə sərhədçi vəzifəsini yerinə yetirdikləri üçün minnətdarlığını bildirib”.

Ermənistan Hökumətinin mətbuat xidmətinin məlumatında deyilir ki, təmir və bərpa işlərində, adətən, əksəriyyəti ölkə xaricində işləyən yerli sakinlər iştirak edir.

Baş nazir Paşinyan və xanımı Anna Hakobyan Berddə 21-ci “Yerevan perspektivləri” musiqi festivalının açılışında da iştirak ediblər. Bu münasibətlə sərhəd bölgəsinə Ermənistan Milli Filarmonik Orkestri də gəlib.

İyulun 12-də başlayan döyüşlərdə Azərbaycan 12 hərbçisini və bir mülki şəxsi, Ermənistan isə 5 hərbçisini itirdiyini açıqlayıb. Atəşkəsin pozulmasına görə tərəflər bir-birini ittiham ediblər.

Azərbaycan tərəfi iyul döyüşləri zamanı Tovuz rayonunun sərhəd kəndlərinin ciddi ziyan çəkdiyini açıqlayıb.BBC