Paşinyan yeni sənəd İMZALADI: İrəvanın bu planı İFLASA UĞRADI – AÇIQLAMAbackend

“Vestnik Kavkaza” agentliyinin Baş direktorunun müavini, ekspert Andrey Petrov AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilən üçtərəfli görüşün əsas məqamları barədə danışıb.

-Siz Soçidə keçirilən üçtərəfli görüşün nəticələrini necə dəyərləndirirsiniz?

-Fikrimcə, görüş onun bütün iştirakçıları üçün pozitiv başa çatdı. Rusiya Avropanın vasitəçiliyi ələ almaq təşəbbüsünə yol vermədi, Azərbaycan və İlham Əliyev arasında münasibətlərin müharibədən sonrakı nizamlanmasında özünün müstəsna statusunu, həmçinin Moskvanın Bakı ilə, eləcə də Yerevanla əlaqələrinin strateji xarakterini təsdiqlədi, Ermənistandakı revanşist qüvvələrə onların düşmənçilik xarakterli niyyətlərini Nikol Paşinyan vasitəsilə danışıqlarda ön plana çəkməyə imkan vermədi, Cənubi Qafqazda sülh proseslərinə dair yeni razılaşmalara nail oldu.

Azərbaycan Qarabağ mövzusunu keçmişdə qoydu, bu mövzunu danışıqlar masasından çıxardı, sərhədlərin delimitasiyasına başlanılması barədə Ermənistan və Rusiyanın razılığını aldı. Çox mühümdür ki, Moskva təkcə məsləhətçi statusuna malik olduğu ikitərəfli formatda həmin revanşist qüvvələrə əvvəlki Bəyanatları dəyişdirməyə və sərhəd problemlərini Azərbaycan tərəfindən Ermənistanın suverenliyinin pozulması kimi təqdim etməyə imkan vermədi.

Ermənistan Moskva və Bakının birgə fəaliyyəti sayəsində özünün dinc, müharibəsiz gələcəyinə doğru daha bir addım atdı. Yerevanın Azərbaycanın ünvanına heç bir iradının yeni Bəyanatda əksini tapmaması da erməni xalqının respublikanın siyasətinə hələ də öz təsirlərini göstərməyi davam etdirən destruktiv qüvvələr üzərində qələbəsidir. Nikol Paşinyanın Vladimir Putin və İlham Əliyevin tam qarşılıqlı anlaşması fonunda mübarizə aparmaq istəyən, lakin danışıqları uduzan tərəf kimi görünməsinə baxmayaraq, əslində, o, yalnız udmuşdu, belə ki, öz dövlətini normal həyata yaxınlaşdırdı.

-Sizcə, nəqliyyat dəhlizlərinin – həm dəmir yolu, həm də avtomobil yollarının açılması üzrə hansı razılaşmalar əldə olundu?

-Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin, düşünürəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların açılması üzrə işlərin praktiki, təqvim planını müzakirə edib və razılaşdırıblar. Vladimir Putin üçtərəfli qrupun işinin məhsuldarlığını əbəs yerə qeyd etmədi – il ərzində bu planın işlənib hazırlanması üçün vaxt olub. Gözləmək olar ki, kommunikasiyalar sinxron, birtərəfli bərpa olunmaqla açılacaq. Deyək ki, Naxçıvan üzərindən Yerevan-Culfa yolu olmayacaq. Belə ki, yeni Bəyanatda bundan əvvəlki iki Bəyanata sadiqlik təsdiqlənib, Zəngəzur dəhlizinin açılmasının təqvim planına salınacağına heç bir şübhə yoxdur. Nikol Paşinyan bu öhdəliyə bir daha imza atdı.

-Birgə Bəyanatda qeyd olunduğu kimi, ilin sonunadək Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmi yaradılacaq. Bu prosesi sülh sazişinin imzalanmasına doğru növbəti addım hesab etmək olarmı?

-Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası sülh sazişinin imzalanması üçün vacib amildir. Sərhədləri müəyyən etməklə Yerevan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və qonşuya ərazi iddiasından əl götürür. Sərhədlər delimitasiya və demarkasiya olunmayınca, Ermənistanda revanşist qüvvələrə münaqişə vəziyyəti yaratmaq üçün şərait qalacaq. Çünki müəyyən olunmayan sərhəddə hər hansı obyekti onlar “əzəli erməni torpağı” kimi qələmə verə bilər və bunu əsas götürərək, ötən həftə olduğu kimi döyüş əməliyyatlarına başlaya bilərlər. Sərhədin müəyyən ediləcəyi və nişan qoyulacağı təqdirdə provokasiya üçün fürsətlər yoxa çıxacaq. Əgər Ermənistan özü torpaqla bağlı Azərbaycana son iddialarını aradan qaldırarsa, bu, separatçı Qarabağ layihəsindən də imtina deməkdir, o halda sülh sazişini həm tərtib etmək, həm də imzalamaq çox asan olacaq.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli görüşdə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın uğurlu inkişafını qeyd etdi. Öz növbəsində, Prezident İlham Əliyev vurğuladı ki, Rusiya Azərbaycan üçün dost və strateji tərəfdaşdan da artıqdır. Siz ölkələrimiz arasında münasibətlərin gələcək inkişafını necə görürsünüz?

-Rusiya və Azərbaycan prezidentlərinin görüşü onlar arasında tam qarşılıqlı anlaşmanın olduğunu göstərdi. Faktiki olaraq, Soçidəki danışıqlarda onlar eyni tərəf kimi çıxış etdilər. Bununla Moskva Rusiya ilə konstruktiv qarşılıqlı əlaqə qurmaq istəyən tərəfdaşlara necə münasibət göstərdiyini nümayiş etdirdi (xüsusən indiki şəraitdə, bizim qonşularımızın çoxunun antirusiya qüvvələrinin casusu olduğu bir vaxtda Moskva bunu çox dəyərləndirir). Bakı isə Rusiyanın Cənubi Qafqazda vasitəçi kimi şəksiz başlıca rolunu təsdiqlədi. Demək olar ki, bu gün Rusiyanın regionda müttəfiqi məhz Azərbaycandır. Zənnimcə, iki ölkənin münasibətləri həm iqtisadi və humanitar, həm də siyasi sahədə bundan sonra da yalnız pozitiv istiqamətdə inkişaf edəcək.