Paşinyandan Sarkisyanla Qasparyanın işbirliyinə dair sübut tələb etdibackend

“Aydınlanmış Ermənistan” fraksiyasının lideri Edmon Marukyan Baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanla bağlı açıqlamasını əsaslandırmasını tələb edib.

“Yeni Gündəm” xəbər verir ki, millət vəkili bu barədə öz feysbuk hesabında yazıb.

“Nikol Paşinyan çıxışında Baş Qərargah rəisi Onik Gasparyanın Serj Sarkisyanın əmrlərini yerinə yetirdiyini bildirib. Biz dərhal Nikol Paşinyandan bunun sübutlarını ictimailəşdirməsini tələb edirik”, – deyə o bildirib.

Eyni zamanda Marukyan, erkən parlament seçkisi keçirilməsi təklifinin də qüvvədə qaldığını qeyd edib.

Qeyd edək ki, Paşinyan martın 1-də tərəfdarları ilə birlikdə keçirdiyi mitinq zamanı Baş Qərargah rəisinin eks-Prezident Serj Sarkisyanın əmrlərini yerinə yetirdiyini bildirmişdi. Hökumət rəhbəri çıxışında bu əməli ən böyük xəyanət kimi qiymətləndirmişdi.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.

Paşinyan ötən gün növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.