“Paşinyanın ümidi Bakı və Ankarayadır”backend

“Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycana aid olduğunu deməklə qarşısında müxtəlif gücləri gördü və görəcək”.

“Yeni Gündəm” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, bu sıraya Ermənistandakı radikal müxalifəti, o cümlədən “Qarabağ klanını”, Qarabağdakı separatçıları və müxtəlif ölkələrdəki erməni lobbisini aid etmək olar: “Həmin güclər Paşinyana qarşı biləşəcək. Belə olan halda, Paşinyanı və ona dəstək verənləri nə xilas edə bilər? Paşinyan ümid edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açmaqla, iki dövlətlə münasibətləri normallaşdıracaq sazişlər imzalamaqla Ermənistanı indiki ağır siyasi, iqtisadi və sosial vəziyyətdən çıxaracaq”.

Politoloq qeyd edib ki, Paşinyanın ümidi Bakı və Ankarayadır: “Deməli, iplər bizim əlimizdədir. Əgər Paşinyan sözdə və əməldə eyni siyasəti yürüdər və “Qarabağ Azərbaycana aiddir” deməkdə davam edərsə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq. ABŞ-da konfransda iştirak edən Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da hazırda Cənubi Qafqazda fərqli vəziyyət yarandığını bu sözlərlə izah edib: “Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır”. İbrahim Kalın qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. O söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq”.

E.Şahinoğlu əlavə edib ki, Ankara Bakı ilə birgə səy göstərərək Ermənistanın təxribatçı siyasətinə son qoymasına çalışır: “Ermənistanın hazırki hökuməti Bakı və Ankara ilə dialoqa hazırdır. Dialoqdan istifadə edərək Ermənistanı Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımağa məcbur etmək lazımdır. Bu reallaşarsa, digər problemləri də həll etmək mümkün olacaq”.