Paytaxtda hazırda 200-dən çox yarımçıq bina var, onları hansı aqibət gözləyir?backend

Bakıda istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binaları ilə yanaşı, tikintisi yarımçıq qalmış binalar da az deyil. Belə binaların sayı 200-dən çoxdur.

“Yeni Gündəm” xəbər verir ki, bunu “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, həmin tikililər şəhərin görünüşünü korlayır və fiziki baxımdan aşınmaya məruz qalır:

“Binaların yarımçıq qalma səbəblərinə müflisləşmə, maliyyə çətinliyi və binanı tikən şəxsin həbsi səbəb ola bilər. Dünyanın bir çox ölkələrində yarımçıq binalar ya hərraca çıxarılır, ya da dövlət tərəfindən satın alınır”, – N.İbrahimov deyib.

Ekspert bildirir ki, ölkəmizdə tikinti yarımçıq qaldığı təqdirdə onunla bağlı hər hansı addımın atılması barədə konkret qayda yoxdur. Bu səbəbdən dövlət sahibkarın binasını məcburi şəkildə əlindən ala və sata bilməz. Lakin tikinti şirkəti məhkəmə hökmü ilə özünü müflis elan edərsə, şəriklərin və həmin binadan mənzil alanların məhkəmə şikayətləri təmin olunarsa, tikintisi yarımçıq qalmış binalar satışa çıxarıla bilər. Bundan sonra həmin binanı dövlət ala bilər.“, – deyə ekspert bildirib.

Nüsrət İbrahimovun fikrincə, bu məsələ qanunda əksini tapmadığından müəyyən problemlər meydana çıxır:

“Ona görə də qanunda sərəncam veriləndən nə qədər müddət sonra tikintinin başa çatması ilə bağlı da tələb irəli sürülməlidir. Əks halda, bu cür özbaşınalıq davam edəcək. Əslində binanı tikən fiziki, yaxud da hüquqi şəxslər işi elə qurmalıdılar ki, bina tikilərkən yarımçıq qalmasın. Binanı tikməzdən əvvəl sahibkarın müvafiq bank hesabında depoziti olmalıdır. Sahibkar binanı yarımçıq qoyursa, o zaman müvafiq qurumlar bank hesabındakı həmin o depozit hesabına işi tamamlamalıdılar. Çünki bir çox ölkələrdə belə təcrübə var. Ancaq təəssüflər olsun ki, bizdə buna baxan yoxdur. Depozit bir növ binanın tikilib başa çatdırılmasında zəmanət rolunu oynayır. Bizdə belədir ki, cibində 1 manat pulu yoxdur, amma 20 mərtəbəli bina tikməyə başlayır. Bu səbəbdən nəticə də belə acınacaqlı olur. Paytaxtda çoxsaylı yarımçıq bina var. Başqa bir tərəfdən, binanın tikintisi yarımçıq qalırsa, o bina konservasiya olunmalıdır. Yəni müvafiq tədbirlər görülməlidir ki, binada fiziki aşınma olmasın”.

Ekspert hesab edir ki, bütün bu problemlərlə bağlı qanunda tələblər sərtləşdirilməlidir.

Trend