Pensiya alanların nəzərinə: Gələn il bu qədər alacaqsınızbackend

“Əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq. Pensiyaların minimum məbləğinin 200 manatdan 240 manata qaldırılması o deməkdir ki, yalnız 240 manatdan az olan pensiyalar artacaq.

Yəni kimlərsə hazırda 200 manat alırdısa, onun pensiyası gələn ildən 40 manat, kimlərsə 210 manat alırdısa onun pensiyası 30 manat, kimlərsə 225 manat alırdısa onun pensiyası 15 manat, kimlərsə 239 manat alırdısa onun pensiyası 1 manat artacaq.  Kimlərsə 240 manat və ondan dan yuxarı pensiya alırdısa onun pensiyası artmayacaq”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.

Q.İbadoğlu qeyd edib ki, bütün pensiyalar gələn ildən  orta aylıq nominal əmək haqqının 2021-ci ildəki artım tempinə uyğun olaraq indeksləşdiriləcək: “DSK məlumatına görə bu ilin 11 ayında  bu  göstərici  2,6 faizdir. İlin son 1 ayındakı artımı da nəzərə alsaq bu rəqəm 3 faizə çata, amma azala da bilər. Bu barədə məlumat yanvarın ikinci yarısında bəlli olacaq. Prezident də fevralın əvvəlində yanvarın 1-dən pensiyaları bu göstərici əsasında indeksləşdirilməsinə sərəncam verəcək. Nikbin ssenari üzrə hesab edək ki, 2021-ci ildə  orta aylıq nominal əmək haqqının artım tempi 3 faizə çatacaq. Onda pensiyalar 3 faiz səviyyəsində artırılacaq. Yəni kimlərsə 250 manat pensiya alırsa onun pensiyası 7 manat 50 qəpik, kimlərsə 300 manat alırsa onun pensiyası 9 manat, kimlərsə 350 manat alırsa onun pensiyası 10 manat 50 qəpik, kimlərsə 400 manat alırsa onun pensiyası 12 manat artacaq.  Hətta rəsmi inflyasiya səviyyəsi  orta aylıq nominal əmək haqqının artım tempindən 2,5 dəfə çox olmasına  baxmayaraq indeksləşdirmənin  orta aylıq nominal əmək haqqınının artım tempi bazasında aparılması hazırda qiymətlərin və tariflərin bahalaşdığı dövrdə sosial ədalətsizlikdir. Adətən  sivil ölkələrdə indekslərdirmə rübdə 1 dəfə inflyasiya səviyyəsinə görə aparılır, Azərbaycanda isə indeksləşdirmə ildə 1 dəfə orta aylıq nominal əmək haqqının artım tempinə görə həyata keçirilir. Minimum əmək haqqının gələn ildən 200 manatdan 240 manata qaldırılması o deməkdir ki, minimum məbləğdən çox pensiya hüququ əldə etmək üçün  tələb olunan sığorta kapitalı 28800 manatdan 34560 manata qalxır. Bu isə pensiya  yaşı çatanları  3 qrupa böləcək.

1.Pensiya yaşına çatan şəxslərin 2006-cı ildən sonra  yığılmış sığorta kapitalı 34560 manat və ondan azdırsa  olanlara minimum məbləğdə – 240 manat pensiya veriləcək.

2. Pensiya yaşına çatan,  lakin sığorta kapitalı heç olmayanlara 180 manat yaşa görə müavinət ödəniləcək.

3. Pensiya yaşına çatan 34560 manatdan çox sığorta kapitalına malik olanlar 240 manatdan çox pensiya alacaqlar”.