Pensiyalarda yeni amnistiya tətbiq olunacaqbackend

Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub.

Dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.

Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.

Komitənin üzvü Vüqar Bayramov deyib ki, əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur. Bu isə pensiyaçıların sosial təminatı baxımdan vacib addım hesab edilməlidir. Eyni zamanda, geri ödəniləcək hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bu məhdudlaşdırmada da məqsəd pensiyaçının sosial vəziyyətini pisləşdirməmək məqsədi daşıyır.

Bütövlükdə, əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin böyük hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək. Yeni dəyişikliklərin gələn aydan qüvvəyə minəcəyi gözlənilir.