Polad Bülbüloğlu: “Ermənistan bütün regionun hərtərəfli inkişafı üçün yeni şərtlərin yaranmasına mane olur”backend

“Bakı Yerevanı sülh razılaşması imzalamağa və sərhədin delimitasiyası ilə bağlı məsələyə konstruktiv yanaşmağa çağırır.”

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”-yə müsahibəsində deyib.

“Biz öz tərəfimizdən dəfələrlə bəyan etmişik ki, müharibə artıq bitib, münaqişə keçmişdə qalıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh razılaşması imzalamalı və sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır”, – deyə səfir Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, Yerevan Bakı ilə münasibətlərin tənzimlənməsini təxirə salır: “Ermənistan tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi prosesini təxirə salmağa çalışır və bununla da bütün regionun hərtərəfli inkişafı üçün yeni şərtlərin yaranmasına mane olur”.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin qalma müddətinin uzadılması ilə bağlı suala cavab verən azərbaycanlı səfir: “Bu gün bu barədə danışmaq hələ tezdir”, – deyə vurğulayıb.

“Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq yerləşən Rusiya Federasiyasının sülhməramlı kontingenti ona həvalə edilmiş hərbi və humanitar vəzifələri yerinə yetirməyə davam edir. Dövlət başçıları tərəfindən təyin edilmiş vəzifələri yerinə yetirmək üçün hər cür səy göstərməliyik”, – P.Bülbüloğlu əlavə edib.APA