Polad Bülbüloğlundan AÇIQLAMAbackend

Hazırda Azərbaycan cəmiyyəti Respublika Prezidentinin yürütdüyü xətti tamamilə dəstəkləyir və ən yüksək vətənpərvərlik ruhu nümayiş etdirir.

“Yeni Gündəm” xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bu fikri TASS agentliyinə müsahibəsində söyləyib.

Səfir qeyd edib ki, Dağlıq Qarabağ ətrafında indiki hərbi qarşıdurmanın qarşısını almaq olardı, lakin Ermənistanın siyasəti Azərbaycanı cavab tədbirləri görməyə sövq edib.

Diplomat deyib: “Ermənistanın Baş nazirinin son vaxtlar bəyan etdiyi “Qarabağ Ermənistandır və nöqtə” sözləri ATƏT-in Minsk qrupunun 28 il ərzində apardığı işin üstündən xətt çəkdi və danışıqların davam erdirilməsi mənasız oldu. Azərbaycan tərəfi Ermənistan rəhbərliyinin danışıqların formatını dəyişmək cəhdləri ilə, habelə istər təmas xəttində, istərsə də ondan uzaqlarda təxribatlarla üzləşdi”.

 

Səfirin sözlərinə görə, Bakı Yerevanın Qarabağ məsələsinə dair mövqeyinin dəyişməli olması barədə dəfələrlə xəbərdarlıq etdi, lakin erməni tərəfindən məqbul reaksiya görünmədi. Polad Bülbüloğlu deyib: “Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, xalq gözləməkdən yorulub və Azərbaycan öz tarixi torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq, biz məsələnin dinc yolla həll edilməsini istəyirik. Prezident dəfələrlə deyib ki, zərurət yarandıqda Azərbaycan öz ərazilərini güc tətbiq etməklə azad edəcək. Lakin bizi eşitmədilər”.

P.Bülbüloğlu onu da vurğulayıb ki, Azərbaycan münaqişənin dinc yolla nizamlanması məqsədilə uzun illər ərzində konstruktivizm və xoş məram nümayiş etdirərək danışıqlar prosesində tam məsuliyyətlə iştirak edib. Bununla bərabər, respublika rəhbərliyi göstərirdi ki, danışıqlar əbədi davam edə bilməz və onların nəticəsi olmalıdır. Səfirin sözlərinə görə, ATƏT-in Minsk qrupuna daxil olan ölkələr də status-kvonun məqbul olmamasını dəfələrlə bəyan ediblər. O deyib: “Bunun cavabında erməni tərəfi hər dəfə müəyyən bəhanələr taparaq işğal edilmiş ərazilərdən çıxıb getməyi uzadırdı”. Səfir qeyd edib ki, 1949-cu il Cenevrə konvensiyalarını pozmaqla Suriya və Livandan erməni ailələrinin Şuşa şəhərinə köçürülməsi münaqişənin tezliklə nizamlanması üçün illər boyu göstərilən səylərə ziyan vurub və əvvəl əldə edilmiş razılaşmaların üstündən xətt çəkib. O deyib: “Beynəlxalq birlik hər şeyi görməzliyə vurmaq mövqeyi tutdu və guya heç nə baş verməmiş kimi, susmağa üstünlük verdi. Bu mövqe təcavüzkarın əl-qolunu tamamilə açdı və o, yeni ərazilər tutmaq üçün müharibəyə hazırlaşdığını bəyan etməyə, Azərbaycanın dinc şəhərlərini və kəndlərini intensiv atəşə tutmağa, təxribatlar törətməyə və özünün cəzasızlığını nümayiş etdirməyə başladı”.

P.Bülbüloğlu əminliklə bildirib ki, hazırda Azərbaycan cəmiyyəti Respublika Prezidentinin yürütdüyü xətti tamamilə dəstəkləyir və ən yüksək vətənpərvərlik ruhu nümayiş etdirir. Səfir sonda deyib: “Hamı bir nəfər kimi bizim Ali Baş Komandanın ətrafında sıx birləşib. Ölkəmizin müasir tarixində ilk dəfədir ki, bütün siyasi partiyalar – onların sayı 50-dən çoxdur – o cümlədən müxalifət partiyaları Prezidentin yürütdüyü, işğal olunmuş ərazilərin azad edilməsinə yönəlmiş fəaliyyət xəttini tamamilə dəstəklədiklərini bəyan ediblər. Bizim Prezidentin dediyi kimi: “Əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, bunu Azərbaycan özü edəcək”.AZƏRTAC