Polis ona hücum edən şəxsə ayağından atəş açdıbackend

Bakıda polisə hücum edən keçmiş məhkum ayağından vurulub.

DİN-in Mətbuat Xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, hadisə ötən gecə Maştağada baş verib. Belə ki, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə qəsəbədəki kafelərin birində münaqişə olması barədə daxil olub. Kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etdiyini, kafenin şüşələrini sındırdığını, işçilərdən birinə bıçaqla xəsarət yetirərək oranı tərk etdiyini bildirib.

Polis əməkdaşları həmin şəxsi saxlamaq istəyərkən, o, bıçaqla polislərə hücum edib xəsarət yetirməyə cəhd göstərib, patrul maşınını zədələyib. Bu zaman polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb. Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb zərərsizləşdirərək yaxalayıb.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər. Müəyyən edilib ki, həmin şəxs 49 yaşlı əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini Teymur Yolçuyevdir. Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanılıb.