Polkovnik: “Əsgərlərimiz yeni mövqeləri, yüksəklikləri azad etməkdədir”backend

“Ön xətdəki hərbi hissələrdə hərbçilərimiz arasında böyük ruh yüksəkliyi, döyüş əzmi, qələbəyə sonsuz inam mövcuddur. Sarsıdıcı həmlələri ilə düşmən ordusunu darmadağın edən, onları geri çəkilməyə, hərbi texnika və silahları atıb qaçmağa məcbur edən əsgərlərimiz uğurla irəliləməkdə, yeni mövqeləri, yüksəklikləri azad etməkdədir”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə cəbhənin ön xəttində hərbçilərimizlə görüşən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, əsgərlərimizlə yanaşı, cəbhəyanı bölgədə məskunlaşan sakinlər arasında da yüksək əhval-ruhiyyə mövcuddur. İnsanlar ordumuzla həmrəylik, əsgərlərimizlə bir yerdə olduqlarını nümayiş etdirir, orduya dəstək olmaq üçün əllərindən gələni əsirgəmirlər.

C.Xəlilov bildirib ki, vətəndaşlarımız arasında vahimə mühiti yaratmaq məqsədilə düşmənin həyata keçirdiyi təxribatlar, yaşayış məntəqələrinin, mülki obyektlərin raket zərbələrinə məruz qoyması insanlarımızı qorxutmur, onların düşmənə nifrətini, mübarizə əzmini daha da artırır, öz torpağını inamla müdafiə etməyə sövq edir.