“Portala nəzər salanda görmək olar ki, bir çox ictimai-sosial əhəmiyyətli xidmətlər elektronlaşmayıb”backend

Bu cür “kasıb” formada  “Rəqəmsal İcra Hakimiyyəti” portalı üçün 10 il  gözləməyə dəyərdimi ?

Ötən gün “Rəqəmsal İcra Hakimiyyəti” portalının uzun müddətdən bəri nə üçün istifadəyə verilmədiyi haqqında yazmışdım.

Bu gün nəhayət ki, adı çəkilən portalın (rih.gov.az) pilot versiyası ( Gəncə, Quba və Masallı ) təqdim edilib.

Arayış üçün qeyd edim ki, ölkəmizdə mərkəzi və regional elektron hökumət quruculuğu arasındakı zaman fərqi nə az  nə çox, 10 ildir.

Yəni, regionlarda  rəqəmsal hökumət quruculuğuna 10 il gecikmişik.

Bizdə mərkəzi icra qurumlarının rəqəmsallaşmasına, mərkəzi orqanların xidmətlərinin elektronlaşmasına daha çox investisiyalar yatırılıb. İndiyədək xeyli sayda mərkəzi orqanların xidməti elektron formaya keçirilib.

Uğurlarımız da daha çox mərkəzi  icra orqanların elektronlaşmasında olub.

Etiraf edim ki, regional elektron  hökumət quruculuğu baxımından digər qonşu ölkələrdən geri qalırıq.

Uzun müddətdir ki, ölkəmizdə regional hökumət quruculuğu ilə bağlı müzakirələr getsə də , səlahiyyətli qurum olan VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin bu sahəyə diqqəti yetərli olmayıb, beynəlxalq reytinqlərdə də bu amil həmişə mənfi qiymətləndirilirdi.

Yeri gəlmişkən, son illərdə bir çox rayonlar ( məsələn, Şamaxı, Binəqədi və s.) öz gücləri və digər mərkəzi orqanların köməyi ilə rəqəmsallaşmada bir xeyli irəliləyişlər əldə edə bilmişdilər

Bu baxımdan, bu gün vahid bir  “Rəqəmsal İcra Hakimiyyəti” portalının istifadəyə verilməsi,  rəqəmsal hökumət quruculuğu baxımından, regionlarda rəqəmsal transformasiyanın güclənməsi baxımından çox əhəmiyyətli bir addımdır.

Ölkəmizdə rəqəmsal transformasiya sahəsində regionlar və mərkəz arasında ciddi rəqəmsal bərabərsizlik var.

Bu baxımdan da  düşünürəm ki, adı çəkilən layihə bu bərabərsizliyin aradan qaldırılmasında müsbət rol oynayacaq.

Bununla belə, portala nəzər salanda görmək olar ki, yerli icra qurumlarının göstərdikləri bir çox ictimai-sosial əhəmiyyətli xidmətlər elektronlaşmayıb.

39 xidmətdən cəmi 9 xidmət elektronlaşıb ki, onların bir çoxunun ictimai-sosial əhəmiyyəti, kütləviliyi olduqca aşağıdır

Yəni, daha kütləvi, daha əhəmiyyətli xidmətlər elektronlaşa bilərdi.

Həmçinin, fikrimcə, rəqəmsal savadlıllğı, texnologiyalardan istifadə imkanları yetərli olmayanlar üçün  regionlal əhəmiyyətli bu internet resursu daha təkmil, daha rahat istifadə imkanları ilə, interfeysi daha yaxşı,  daha uyğun formada hazırlamaq olardı.

Mobil versiya isə ümumiyyətlə qüsurludur, sürüşmələr var, testdən keçirildiyi şübhə doğurur.

Xeyli zaman və resurslar sərf edilməsinə baxmayraq bütün  rayonlar üçün nəzərdə tutulan, regional rəqəmsal hökumət  portalınnın  bu qədər bəsit formada hazırlanması və təqdimatı düşündürücüdür.

Düşünürəm ki, Şamaxı  İcra Hakimiyyətinin təqdim etdiyi elektron müraciət modeli daha uğurlu və daha işlək formada idi.

İstənilən halda, bir daha vurğulamaq istərdim ki, regional rəqəmsal transformasiyanın daha da sürətlənməsi üçün atılan addımlar əhəmiyyətli və faydalıdır.

Osman Gündüz