Prezident açılışa gəlmədi, İH isə növbəti yalanını yaydı – FOTOLARbackend
4 gün öncə, 15 avqustda nəhayət ki, Xətai rayonunda, Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev Parkı təmirdən sonra istifadəyə verildi.
”Yeni Gündəm” xəbər verir ki, əslində, parkda təmir işləri iyun ayının sonunda tam başa çatdırılmışdı. Buna baxmayaraq, parkın həm genişləndirilmiş hissəsi, həm də əvvəldə mövcud olan hissəsinə giriş qadağan edilmişdi. Xətai rayonunun icra başçısı Rafiq Quliyevin xüsusi göstərişi ilə park sakinlərin üzünə bağlanmışdı. Bildirilmişdi ki, yalnız 15 iyuldan sonra sakinlərə giriş izni veriləcək. Səbəb kimi isə həmin tarixdə guya, Prezident İlham Əliyevin açılışda iştirak etməsi göstərilmişdi.
Prezident İlham Əliyev nəinki 15 iyulda, ondan sonrakı bir ay müddətində də açılışa gəlməyi lazım bilmədi. Təmir tam bitsə də, tam ay yarım isti yay aylarında sakinlərə parka girməyə icazə verməyən İcra Hakimiyyətinin rəsmiləri isə kor inadlarından axır ki, əl çəkməyə məcbur oldular və parkı insanların üzünə açdılar.
İlham Əliyev açılışa niyə gəlmədi?
 
Xətai rayonundakı sözügedən Heydər Əliyev Parkı 2000-ci ildə istifadəyə verilib. Həmin zaman Azərbaycan Prezidenti Heydər Əliyev parkın açılışında iştirak etmişdi.
Cəmi 7 ildən sonra rayonun sabiq icra başçısı Razim Məmmədov parka bir az əl gəzdirmək və ərazisini nisbətən artırmaqla yenidən parkın açılışını etmişdi. 2007-ci ilin 3 oktyabrında Prezident İlham Əliyev təmir edilən bu parkın açılışında iştirak etmişdi.
Həmin zaman Xətai rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Zaməddin Əkbərov mediaya açıqlamasında demişdi: “Tədbirin əhəmiyyəti çox böyükdür. Biz Heydər Parkının açılışını 3 oktyabr tarixində ona görə etdik ki, məhz bu təqvimdə Ulu öndərimiz Azərbaycan Respublikasının prezidenti seçilib. Qeyd edim ki, vaxtilə 2000-ci ilin iyun aynın 4-də Heydər Əliyev bu parkın açılışında da iştirak etmişdi. Amma həmin tarixdən illər ötdüyündən bu park tədricən yararsız hala düşməyə başlamışdı. Odur ki, Xətai rayon icra başçısı Razim Məmmədovun təşəbbüsü ilə yenidən qurulması planlaşdırıldı. Bu gün artıq bütün işlər yüksək səviyyədə yekunlaşıb. Eyni zamanda parkın həndəvərində olan Ukrayna dairəsində təmir – bərpa işləri aparılıb.
Parkın ümumi sahəsi 11 hektara yaxındır. Piyada yolları bütünlüklə asfalt, daş plitələrlə döşənmişdir. Mövcud olan şəlalə altı dəfəyə qədər böyüdülüb. Lazer qurğusu ilə təchiz olunmuş başqa bir musiqili fəvvarədə isə müəyyən təsvirlərin su üzərində göstərilməsi nəzərdə tutulub. Yonma daşlar və klassik üslubda düzəldilmiş oturacaqlar da parka məxsusi gözəllik verir”.
Amma bu parkda təmir bu deyilənlərlə yekunlaşmır: 2014-cü ildə Yaponiyaya təcrübəyə gedən 10 icra başçısı arasında olan Razim Məmmədov qayıtdıqdan sonra bu parkın içində Yaponiyanın dəstəyi ilə “Yapon bağı” saldırır, bir az da abadlaşdırır, 2016, 2017, 2018-ci illərdə də bu parkda ağacəkmələr aparılır.
Bu ağacəkmələrdə Hüseynbala Mirələmov, Hadı Rəcəbli kimi bəzi deputatlar da iştirak edir.
Razim Məmmədov başçı, hazırkı icra başçısı Rafiq Quliyevin birinci müavin olduğu dönəmlərdə Xətai rayonunda magistral su, qaz xətlərinin üstünün, yüksəkgərginlikli elektrik xətlərinin altının, meşə massivlərinin, ağaclıqların satılıb, yerində şəxsi evlər və binalar tikildiyini bilməyən yoxdur. İş o yerə çatır ki, “Azərsu” magistral xətdə baş verən qəzanı aradan qaldırmaq üçün kiminsə həyətinin hasarını sökməli olur və yaxud magistral xətlərin üstündə bina tikildiyindən, aidiyyəti qurumlar qəza zamanı magistral xətti kəsib, dolama aparmağa məcbur olurlar.
Ancaq buna baxmayaraq, park görüntüsü yaratmaq daha gözəl təsəvvür üçün geniş imkanlar verir. Buna görədir ki, məhz həmin Heydər Əliyev Parkının üst tərəfində 2019-cu ildə ağacları kəsərək aparılan tikintinin aqibətinə indiyə qədər aydınlıq gətirilməyib.
Yenilənmiş parkda hansı işlər görülüb?
Prezidentin gəlişindən əlini üzdüyü üçün nəhayət, xalqı “yadına” salan və bir “qırmızı lentə” görə ay yarım parkı hamının üzünə bağlı saxlayan Rafiq Quliyev 15 avqustda parkın açılışını heç özü də etmədi – deyəsən, kimlərsə ona izah etdi ki, bir parkın açılışını 4 dəfə etmək qətiyyən yaxşı hal deyil.
Parkdakı təmir işləri isə budur: Ərazisi genişləndirilərək 14 hektara çatdırılıb, 30 mindən çox ağac və gül kolları əkilib, 9 hektar əraziyə qazon örtüyü döşənib, 7 km piyada və 1,1 km velosiped zolağı salınıb, 380 işıq dirəyi, 150 oturacaq quraşdırılıb, 2500 m2 sahədə avtodayanacaq yaradılıb. Ziyarətçilər üçün piknik sahələrinin də mövcud olduğu parkda uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılıb, lazımi avadanlıqlar quraşdırılıb. Parkda monitor yenisi ilə əvəz edilib, mədəni-kütləvi tədbirlərin təşkili üçün 918 yerlik amfiteatr qurulub və s.
Əlbəttə, kimsənin o işıq dirəklərinin nə qədər olduğunu saymaq həvəsi və imkanı yoxdur, yolu, qazonu da qarışlamaq çətin məsələdir. Ancaq 30 mindən çox ağac və gül – başqa məsələdir.
Ötən ildən aparılan və bu il iyunda başa çatdırılandan sonra heç kəsin buraxılmadığı, günlərlə MİS işçilərinin yolqırağı düzülüb, insanların girişinə mane olduğu parkın həcmi təxminən 3 hektardan bir qədər çox artıb.
Doğrudur, genişləndirilən hissə gözayarı baxdıqda daha çox görünür. Ancaq nə edə bilərik? Ortada rəsmi statistika var. 2007-ci ildə yuxarıda sitatını verdiyimiz Z.Əkbərov parkın 11 hektara yaxın ərazini əhatə etdiyini deyirsə və indi 14 hektardırsa, onda cəmi 3 hektardan genişlənmədən söhbət gedə bilər.
3 hektarlıq genişlənən hissənin 2,5 min kv.m-ində maşın dayanacağı, 2 min kv.m-də isə amfiteatr tikilib. 150 oturacağı, idman və əyləncə sahələrinin tutduğu yeri də hesablayandan sonra ağaclıq üçün nə qədər hissə qalır və o hissəyə 30 mindən çox ağac necə əkilə bilər?
3 hektar ərazinin hər kvadrat metrinə bir ağac əkilsə, doğrudan da 30 min ağac yerləşər. Axı dedik ki, ərazinin elə yarım hektarı dayanacaqla amfiteatra gedir, digər meydançaları, piyada, velosiped yollarını, skamyaları əkdikləri ağacların üstündə tikib, qurub, qoymazlar hər halda.
Daha bir məsələ isə odur ki, Heydər Əliyev Parkının əvvəlki hissəsi də, indi genişləndirilən hissəsi də tam ağaclıqdır. Kimin şübhəsi varsa, gəlib baxa və yaxud fotolarına diqqət edə bilər. Məgər həmin ərazi bomboş səhralıq idimi ki, 30 min ağac əkilsin? Orda Heydər Əliyevin 70-ci illərdə saldırdığı böyük ağaclıq və bağlar vardı. Əslində, sual belə qoyulmalıdır: Heydər Əliyevin 70-ci illərdə saldırdığı böyük meşəlikdən qalan elə budurmu? Bəs qalanları hanı?
Dərhal yada salaq ki, analoji yalanı Xətai rayon İcra Hakimiyyəti Gənclik Parkının açılışı zamanı da yaymışdı. 43 hektarlıq parkda ümumilikdə 300 mindən çox (!!!) ağac əkildiyi haqda rəsmi məlumat vermişdilər.
Halbuki abadlaşdırılan və “Gənclik Parkı” adı verilən ərazi də başdan-başa ağaclıq idi. Yeni ağaclar da əkilib, əlbəttə. Ancaq 300 min rəqəmi sadəcə ayıbdır – indiki 30 min rəqəmi kimi…
Baku Post