Azərbaycan İslam həmrəyliyini hər zaman dəstəkləyir.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib. Dövlət başçısı bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd edib.
Prezident Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırladıb, ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə edib, bu cür meyilləri qınadığını deyib və bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırıb.