Prezident: “Hazırkı dönəmdə biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini görmürük”backend

“İşğal dönəmində, hardasa 7-8 il əvvəl ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr, onların prezidentləri bir neçə dəfə çox müsbət bəyanatlar verdilər. Həmin bəyanatlardan biri də bu idi ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısı bu bəyanatları çox müsbət qarşıladığımızı qeyd edib: “Şəxsən mən bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə bəyan etmişdim. Demişdim ki, bu, uzun illərdir gözlənilən bir açıqlamadır. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Lakin bu açıqlamalardan sonra onlar praktik addımlara keçmədilər. Üstəlik, bir müddət sonra bu açıqlamalardan da geri çəkildilər və Minsk Qrupunun həmsədrləri tərəfindən ortaya yeni ifadə atıldı.

Dedilər ki, status-kvo davam etdirilə bilən deyil. Bu açıqlamalar arasında çox böyük fərq var. Bir var ki, “qəbuledilməz”, bir də var “davam etdirilə bilən deyil”. O zaman mən onları tənqid edərək demişdim ki, bu mövqe dəyişikliyi Ermənistanın işğalçılıq siyasətinin dəyirmanına su tökür. Təəssüf ki, sonrakı dönəm də göstərdi ki, Minsk Qrupu bu məsələni həll etmək düşüncəsində deyildi. 44 günlük müharibədə biz bunu bir daha gördük. Çünki BMT-də bizə qarşı məsələni gündəmə gətirən Minsk Qrupunun həmsədri olan ölkələr idi. Müharibə davam edir, biz torpaqlarımızda beynəlxalq hüququ yenidən təmin edirik, ədalət savaşına çıxmışıq, BMT-də bizə qarşı hər hansı sanksiya məsələsini ortaya atmaq tamamilə ədalətsizlikdir”.

Prezident İlham Əliyev Minsk Qrupunun hazırkı dövrdə fəaliyyətinə də münasibət bildirib: “Deyə bilərik ki, hazırkı dönəmdə biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini görmürük. Adətən, müzakirə dönəmində onlar gəlirdi, tövsiyələr verirdilər, prezidentlər səviyyəsində görüşlərin gündəmini müəyyənləşdirirdilər, müzakirə ediləcək mövzuları bizə tövsiyə edirdilər, hər iki tərəf də razılaşma əsasında bu mövzuları müzakirə edirdi. İndi isə müharibənin bitməsindən 1 il keçməsinə rəğmən onlardan hər hansı bir tövsiyə yoxdur. Bir dəfə Azərbaycana gəldilər və mən onlara dedim ki, siz təkliflər verin.

Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ problemi sona çatdı. Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Bu günlərdə BMT Baş Assambeyasındakı çıxışımda da bütün ölkələrə səslənərək dedim ki, xahiş edirəm, bundan sonra Dağlıq Qarabağ ifadəsi istifadə edilməsin. Azərbaycan ərazisində elə bir inzibati ərazi vahidi yoxdur, Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi var. Bu durumda Minsk Qrupunun fəaliyyəti üçün bu gün yeni mövzular ortaya çıxmalıdır. Dağlıq Qarabağ problemi bitdi, indi nə edilə bilər? Etimad artırıcı tədbirlər, yolların, koridorların açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan münasibətlərini qaydaya salmaq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına çalışmaq. Onların fəaliyyət sahəsi bundan sonra saydıqlarımdan ibarət olmalıdır.

Dağlıq Qarabağın, olmayan bir qurumun statusu ola bilərmi? Əlbəttə, ola bilməz Bunu demişdim və yenə də söyləmək istəyirəm ki, əgər kimsə Dağlıq Qarabağa status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın və ya respublika yaratsın, onların müstəqilliyini tanısın. Biz də tanıyaq, ancaq Azərbaycan ərazisində deyil”.