Prezident İlham Əliyev ötən 18 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidirbackend

Bu gün həm ərazi, həm də təbii sərvətlər baxmından Azərbaycanın ən mühüm rayonlarından biri olan Kəlbəcər ermənilərin 27 illik işğalından azad edildi və kəlbəcərlilərin uzun illər çəkdiyi həsrətə son qoyuldu. Bu münasibətlə həm xalqımızı, həm bütün kəlbəcərliləri təbrik edirəm. Bu qalibiyyətə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun rəşadəti sayəsində nail olundu.

“Yeni Gündəm” Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, 10 noyabrda Ermənistanın kapitulyasiyanı qəbul edərək imzaladığı bəyanata əsasən, Kəlbəcər artıq ikinci rayonumuzdur ki, bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edildi: “Sözsüz ki, müzəffər Azərbaycan ordusunun gücü nəticəsində bu uğur əldə olundu. Çünki əgər 44 günlük müharibə ərzində ordumuzun uğurlu əməliyyatları olmasaydı, Ermənistan heç zaman bu kapitulyasiyaya razı olmazdı. Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan işğal olunmuş ərazilərimizi tərk etsin.

Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir. İstər ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, istər diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü qələbəmizi təmin etdi”.

Deputatın sözlərinə görə, Kəlbəcər ölkəmizdə ən böyük ərazisi olan rayon olmaqla yanaşı, strateji və çətin relyefə malik olan bir rayondur: “Kəlbəcərdə yüksək dağlar, dərin enişlər, yoxuşlar, çaylar var. Bu 27 il ərzində düşmən də boş dayanmayıb və möhkəm istehkamlar qurub. Yəni relyef baxımından çətin olan bir bölgənin bir güllə atılmadan işğaldan azad edilməsi çox böyük bir uğurdur və sözsüz ki, bu uğur Ali Baş Komandanımızın, silahlı qüvvələrimizin uğurudur”.

Deputat qeyd edib ki, Kəlbəcər eyni zamanda təbii sərvətlərlə zəngin bir bölgədir: “Kəlbəcər qızıl, mis, qurğuşun yataqları və digər təbii sərvətlərlə zəngin olan bir rayondur, əsrarəngiz təbiətə malikdir.

Kəlbəcər həmçinin qədim tarixə malikdir. Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir ki, bu da Kəlbəcərin mədəni-tarixi əhəmiyyətinin nə qədər yüksək olduğunu göstərir”.

S.Hüseynova bildirib ki, 1993-cü ildə işğaldan dərhal sonra Ermənistan BMT və ATƏT-in prinsiplərinə zidd olaraq Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırmaya başladı: “Ermənilər həmçinin qanunsuz yolla xarici investorları cəlb etməklə qızıl yataqlarımızı və digər təbii sərvətlərimizi mənimsəyib, orada turizm bazaları yaratmışdılar. Onların fikri o idi ki, Kəlbəcəri heç zaman tərk etməyəcəklər. Lakin Azərbaycan ordusunun gücü erməniləri Kəlbəcərdən çıxmağa vadar etdi. Azərbaycan Kəlbəcəri işğaldan azad etməklə eyni zamanda BMT Təhlükəsizlik Şurasının 27 ildən çoxdur kağız üzərində qalan 822 saylı qətnaməsini icra etmiş oldu və beynəlxalq hüququn bərqərar olmasına nail oldu.

Bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm, yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu!”.