Prezident İlham Əliyevin energetika strategiyasının uğuru – Avropa Azərbaycan qazına ümid bağlayırbackend

Bu gün Azərbaycan Avropanın ən etibarlı enerji təchizatçılarından biridir və bəzi ekspertlərin fikrincə, qlobal böhrana çevrilə biləcək qitədəki qaz böhranı fonunda ölkəmiz təhlükəsiz qaz mənbəyi kimi görünür. Təsadüfi deyil ki, Avropa Azərbaycanı lazım gələrsə, potensial olaraq tədarükün artırıla biləcəyi ölkələr sırasına daxil edir. Biz 2020-ci ilin sonundan etibarən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarük edirik. İstifadəyə verildiyi vaxtdan indiyədək bu dəhliz vasitəsilə qaz tədarükü 11 milyard kubmetri ötüb. Artıq bu ilin birinci rübündə Cənub Qaz Dəhlizinin Avropa hissəsi – Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə İtaliyaya 2,1 milyard kubmetr qaz çatdırıb ki, bu da tələbatın təxminən 9 faizini ödəyir, Yunanıstana isə 0,3 milyard kubmetr qaz çatdırıb ki, bu da tələbatın təxminən 20 faizini ödəyir. Avropa ölkələri Azərbaycandan qaz tədarükünü ikiqat artırmaqda maralıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı dediyi kimi, Azərbaycana Avropa ölkələrindən tədarükün artırılması ilə bağlı müraciət daxil olub.

“Yeni Gündəm”-in xəbərinə görə, “Ankara-Moskva” ekspert-analitik şəbəkəsinin nümayəndəsi Engin Özer bildirib ki, dünyada mövcud geosiyasi vəziyyət Avrasiya məkanında yenilənmə getdiyini və Avropanın bir qaz tədarükçüsündən tam asılı ola bilməyəcəyini göstərib.

“Bu baxımdan Azərbaycanın malik olduğu ixrac potensialına nail olmaqdan, yəni ixracı ildə 20 milyard kubmetrə çatdırmaqdan danışmaq çox vacibdir. Qeyd etmək istəyirəm ki, Avropa ölkələri Rusiya qazının əvəz edilməsinə ciddi yanaşır və Azərbaycandan qaz tədarkünü artırmağı, həmçinin Liviya, İraq, İran, İsrail, Misir və Qətər kimi ölkələrdən də qaz almağı nəzərdən keçirirlər. Xatırladım ki, bu yaxınlarda Türkiyə ilə İsrail arasında müvafiq razılaşma əldə olunub”, – deyə E.Özer bildirib.

Ekspert Cənub Qaz Dəhlizinin buraxılı. imkanlarının artırılacağına və Azərbaycanın Avropaya qaz ixracını artıracağına əminliyini ifadə edib.

“Hazırda Cənub Qaz Dəhlizinin yalnız Azərbaycan qazı ilə doldurulmasına baxmayaraq, digər oyunçular bu infrastruktur vasitəsilə Avropaya qaz tədarükçülərinin sayına qoşula bilərlər,” deyə ekspert əlavə edib.

Öz növbəsində, ekspert iqtisadçı Emin Qəribli də hesab edir ki, Avropanın bir qaz mənbəyindən asılılığı indiki geosiyasi vəziyyətdə sərfəli deyil.

“Bu gün Avropa 40 faiz Rusiya qazından, təxminən 20 faiz Norveç qazından, qalanı isə digər ölkələrin payına düşən qazdan asılıdır. Biz görürük ki, indiki geosiyasi vəziyyətdə bir qaz mənbəyindən asılı olmaq çox çətindir. Bununla əlaqədar Avropa alternativ mənbələr axtarır, o cümlədən Azərbaycandan. Qeyd edək ki, ölkəmizin kifayət qədər resursları var, bundan başqa, bizim yanımızda Türkmənistan və Özbəkistan var. Onların qaz ehtiyatları Azərbaycan ərazisindən keçməklə Avropaya tədarük edilə bilər. Beləliklə, Azərbaycanın enerji sektorunda rolu artacaq, ölkəmiz Avropa ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək”, – deyə E.Qəribli bildirib.

İqtisadçının sözlərinə görə, digər mühüm amil odur ki, ilkin olaraq ixrac olunan qazın qiyməti müəyyən ölkələr arasında imzalanan uzunmüddətli müqavilədə müəyyən edilir.

“Əgər qaz alıcısına əlavə qaz həcmləri lazım olursa, o zaman onun qiyməti müqavilədə göstəriləndən fərqli olacaq və bu, ölkəmiz üçün sərfəlidir. Qısamüddətli perspektivdə Avropa qış dövrü üçün təhlükəsizliyini təmin etmək üçün qaz anbarlarını dolduracaq və çox güman ki, anbarlardakı qaz ehtiyatlarının tükənməsi səbəbindən əlavə qazın alınması ssenarisi reallaşa bilər”, – deyə ekspert iqtisadçı bildirib.

Şübhəsiz ki, Cənub Qaz Dəhlizi Avropaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verir və qitədə, xüsusən də Avropanın cənub-şərqində enerji təhlükəsizliyini artırır. Bu gün Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri müsbət qiymətləndirilir, çünki bu, Avropada rəqabətqabiliyyətli qaz qiymətlərini təmin etməyə imkan verəcək.

Trend