Prezident: Rumıniya ilə münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensial varbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Yeni Gundem” xəbər verir ki, ikitərəfli gündəliyin genişləndiyini qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini deyib.

Dövlət başçısı bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğulayıb və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Prezidenti ölkələrimiz arasında münasibətlərin digər istiqamətlərdə də inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu deyib, İon-Marçel Çolakonun ölkəmizə səfərinin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.