Prezident səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında Sərəncam imzaladıbackend

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilsinlər.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandırsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.