“Prezidentə tam dəstəyimizi ifadə etmişik” – İlqar Məmmədovbackend

Siyasi partiyalar Qarabağda hazırda davam edən ordu əməliyyatı ilə əlaqədar dəyirmi masada iştirak ediblər.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyası (ReAL) sədri İlqar Məmmədov öz feysbuk hesabında məlumat verib. O, çıxışı zamanı hazırda ölkəmizin tarixi anlarını yaşadığını bildirib.

Qeyd edib ki, Ordumuzun əks-hücumu təkcə düşməni deyil, ona uzun illərdir havadarlıq edən tərəfləri də çaşqın hala gətirib: “Uzun illərdir bizə kənardan və daxildən iradlar gəlirdi ki, millət kimi bir olmağı bacarmırsınız. Bəziləri bu fikri heç bir iş görməmək üçün bəhanə kimi, bəziləri isə milli ruhu qəsdən öldürmək üçün yayırdılar. Bu gün millət kimi vahid bir gücük, birik və bu birliyi sarsıtmaq istəyən bütün tərəflər acizdir. Ölkəmiz qarşısında bu tarixi anda duran vəzifənin nə olmasına dair, onun necə icra olunmasına dair bizim Respublikaçı Alternativ Partiyası və Yeni Azərbaycan Partiyası arasında hazırda heç bir fikir ayrılığı görmürəm. YAP sədri, Prezident İlham Əliyevə bu barədə tam dəstəyimizi ifadə etmişik və ondan nəticələr gözləməklə yanaşı, bu nəticələrin əmələ gəlməsi üçün əlimizdən gələn bütün işləri görürük”.

Ermənistanın təxribatlarının artdığı bu zamanda, Paşinyanın millətimizə qarşı alçaldıcı hərəkətlər etdiyi, bizə yeni ərazi iddiaları eşitdirdiyi zamanda gec-tez o, hərbi təxribata əl atacaqdı və Azərbaycan ordusu buna cavab verəcəkdi. İndi bunların hamısı gerçəklikdir. Respublikaçı Alternativ partiyası olaraq millətimiz xarici düşmənlə sərt toqquşanda biz ancaq milli qüvvələrin tərəfindəyik, baxmayaraq ki, hakim pariya ilə ölkəmizin strateji inkişaf kursuna dair köklü, təməl fikir ayrılıqlarımız vardır”.

İ. Məmmədov əlavə edib ki, həmin fikir ayrılıqlarını sivil qaydada, dialoq formatında hakimiyyətlə müzəkirə edirlər. O, həmçinin dialoq təşəbbüsünün artıq bəzi nəticələr verməsində və qarşılıqlı etimadın möhkəmlənməsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin işini də ayrıca qeyd edib:

“Konkret olaraq bu dəyirmi masanın yaratdığı fürsətdən istifadə edərək, qeyd etmək istəyirəm ki, Azərbaycan ordusu öz tarixi vəzifəsini uğurla yerinə yetirəndən sonra, Ermənistan tərəfinin beynəlxalq qurumlarda bizə qarşı əsassız hüquqi ittihamlar irəli sürə bilməməsi üçün indidən iş qurulmalıdır. Bunun üçün ordumuz əslində yetərincə diqqətli davranır, müharibə aparmağın bütün qaydalarına riayət edir. Eyni zamanda fikirləşirəm ki, beynəlxalq insan haqları təşkilatları ölkəmizə gətirilməli, onlar mülki əhalimizə qarşı Ermənistan ordusunun törətdiyi cinayətləri sənədləşdirməyə dəvət edilməlidir. Bir daha bu müzakirənin təşkilinə görə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə təşəkkür edirəm”.