Prezidentin köməkçisi: Xankəndidəki qondarma rejim oradakı sadə insanları əsarət altında saxlayırbackend

“Tırlar burdadır və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən və tam mandata malik olan bir təsisatdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Aypara və Qızıl Xaç Komitələri və Cəmiyyətləri Federasiyasının tərkib hissəsidir.

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Respublikası ərazisində mütləq mandata və fəaliyyətə və səlahiyyətə malik olan bir təşkilatdır. Buna görə də ölkəmiz ərazisində həyata keçirilən bu qəbildən olan tədbirlər mütləq şəkildə Qızıl Aypara Cəmiyyəti ilə koordinasiya olunmalıdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu xoş niyyətin ilk və vacib təzahürünün addımı olaraq bu yükləri təqdim etmişdir. Yüklər qəbul edilənə qədər burda durmağa davam edəcəklər. Təkrar qeyd edim ki, yüklərin qəbul edilməməsi, bu, rasizm xarakterli bir addım kimi qiymətləndirilməlidir. Çünki ərzaq məhsullarının hər hansı bir milli mənsubiyyət nöqteyi-nəzərindən, bunun hər hansı ölkəyə aid edilməsi yanaşması özü qəbuledilməz yanaşmadır”, – o deyib.

Prezidentin köməkçisi bildirib ki, Əgər Xankəndidə yaşayan sakinlərin mühüm tələbatları varsa, bu tələbatların ödənilməsi üçün ərzaq yükləri təqdim edilib: “Bu yüklərin qəbul edilməməsinin məsuliyyəti tam şəkildə qondarma rejimin nümayəndələri və həmin qondarma rejimin dırnaqarası prezidentinin, yaxud digər rəhbər şəxslər kimi özünü təqdim edənlərin üzərinə düşür. Həmin adamlar orada yaşayan sadə insanları əsarət altında saxlayırlar. Bu insanlar da nəhayət bu reallığı dərk etməlidirlər ki, onların əsl düşməni qondarma rejimin rəhbərliyində və Ermənistan siyasətində olan bəzi şəxslərdir”./APA