Prezidentin ünvanına təbrik məktubları gəlir – Yenilənirbackend

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

“Yeni Gündəm” xəbər verir ki, təbrik məktubunun mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. Bu ilin iyun ayında telefon danışığımız zamanı biz ikitərəfəli əlaqələrin inkişafı və əsas istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm razılıqlar əldə etdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin, xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəlməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm”.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev:

“Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Ötən dövrdə Siz həqiqi lider, beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, öz ölkəsinin inkişafına və onun xalqının firavanlığına qiymətli töhfə vermiş dövlət xadimi kimi layiqincə tanınmısınız.

Bu gün Sizin rəhbərliyinizlə Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar və səmərəli quruculuq işləri həyata keçirilir.

Cari ilin noyabr ayında İstanbulda Türk Şurasının Zirvə toplantısında layiq görüldüyünüz “Türk Dünyasının Ali Ordeni” qardaş xalqlarımızın birliyinin təmin olunması və regionda sabitlik yaradılması üçün Sizin həyata keçirdiyiniz genişmiqyaslı fəaliyyətin etiraf edilməsinə parlaq sübutdur.

Biz çox məmnunuq ki, son illərdə siyasi, ticari-iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın ortaq tarixi, dini və mədəni kökləri əsasında, həmçinin qarşılıqlı etimad və hörmət ruhunda fəal inkişaf edir.

Yüksək və ali səviyyələrdə danışıqlar aparılması mütəmadi xarakter daşıyır, xüsusən bu ilin noyabr ayında keçirilmiş səmərəli dialoqlar və görüşlər, heç şübhəsiz, Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək, çoxşaxəli əməkdaşlığın miqyasının daha da genişlənməsinə şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib, Sizi həyatınızın bu unudulmaz günü münasibətilə bir daha təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, məsul dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və daha böyük tərəqqi arzulayıram”.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko:

“Hörmətli İlham Heydər oğlu,

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bir dəfə Siz çox düzgün qeyd etmisiniz: Əgər gələcək haqqında fikirləşməsən, bu günün məsələlərini həll etmək çox çətindir. Azərbaycan bu prinsipi əsas tutaraq sosial-iqtisadi inkişaf sahəsində sanballı uğurlar qazanmış, beynəlxalq miqyasda öz mənafelərini qətiyyətlə müdafiə edən güclü və nüfuzlu dövlətə çevrilmişdir.

Minsk ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam etməsini məmnuniyyətlə qeyd edirəm.

Əminəm ki, nəzərdə tutduğumuz irihəcmli infrastruktur layihələrinin reallaşması çoxplanlı əməkdaşlığın dərinləşməsi üçün möhkəm təməl olacaq.

Sizin dostluğunuzu, etimadınızı, dəstəyinizi, Belarusun mənafeyinə şəxsən diqqət yetirməyinizi çox yüksək qiymətləndirirəm. Görüşlərimizi səmimiyyətlə xatırlayır, qonaqpərvər Belarus torpağında Sizi tez-tez görməyə ümid edirəm.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə həyata keçirdiyiniz quruculuq işlərində yeni uğurlar arzulayıram”.

***

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov:

“Hörmətli İlham Heydər oğlu.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Bu gün Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar, ölkənizin iqtisadi inkişafında mühüm nailiyyətlər, dünya arenasında onun nüfuzunun möhkəmlənməsi ayrılmaz surətdə Sizin adınızla bağlıdır.

Siz bütün varlığınızı doğma ölkənizin mənafelərinin qorunmasına, ümummilli hədəflərin və proqramların gerçəkləşməsinə həsr etmisiniz. Xalqa bu cür sədaqətli xidmət yüksək qiymətə layiqdir.

Ölkələrimiz arasında strateji və mehriban qonşuluq münasibətlərinin inkişafına, xalqlarımızın səmimi dostluğunun və qardaşlığının möhkəmlənməsinə Sizin şəxsi diqqətinizi və hərtərəfli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə firavanlığı, ölkənizin qardaş xalqına bundan sonra da sülh, tərəqqi və inkişaf arzulayıram”.