Prezidentin yeni vəzifə verdiyi general Osmanov kimdir? – DOSYEbackend

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Osmanov Nizam Ramazan oğlu Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin olunub.

“Yeni Gündəm”-in məlumatına görə, general Osmanov 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub.

1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.

1992-2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib.

2002-2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib.

2014-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, “Qarabağ” ordeni ilə təltif olunub. Bundan başqa, N.Osmanov Laçının və Kəlbəcərin azad olunmasına görə medalları ilə də təltif olunub.

Ailəlidir, iki övladı var.