Prokurorluğa işə qəbul olunmaq istəyənlərin nəzərinəbackend

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsinin vaxtı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, imtahan koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə noyabrın 19-da saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi 5) keçiriləcək.

İmtahanı müşahidə etmək üçün müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət ediləcək.

Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməklə imtahanda iştirak edə bilərlər.

Namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalıdırlar.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.

Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı 17-18 noyabr 2021-ci il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

İmtahanla bağlı əlavə məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.