“Pul qazanmaq istəyən şirkətin nəyinə lazımdır ki, camaat narazı qalacaq, ödəməyə gücü çatmayacaq” – “Elektroenergetika haqqında” qanun layihəsi etiraz doğurdubackend

““Elektroenergetika haqqında” qanunun bu şəkildə qəbulu ciddi problemlər yarada bilər. Qanun üzərində xeyli işləmək lazımdır. Onu sadə istehlakçıların, yəni elektrik enerjisindən istifadə edən aztəminatlı insanların maraqlarına uyğunlaşdırmağa çalışmalıyıq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

Deputat deyib ki, qanunun bu şəkildə qəbulu elektrik enerjisinin qiymətinin bir neçə dəfə artması ilə nəticələnəcək: “Bu isə sosial narazılıq, əhalinin sosial vəziyyətinin ağırlaşması və bütün istehlak məhsullarının artımına səbəb olacaq. Yəni bazarda olan qiymətlər də 2-3 dəfə bahalaşmağa məcbur olacaq. Bunun ardınca qaz və su qiymətləri də artmağa doğru gedəcək, çünki iqtisadiyyatın aparıcı qüvvəsi həm də elektroenergetika sahəsidir. Digər tərəfdən, elektroenergetika bazarının liberallaşdırılması enerjinin müxtəlif şirkətlər tərəfindən əhaliyə satılması deməkdir. Bu gün regional paylayıcı şəbəkələrin 70 faizi istismar dövrünü bitirib, iri həcmli sərmayələr tələb olunur ki, onları sağlamlaşdıra bilək. Biz bu şəbəkələri sağlamlaşdırmadan liberal bazar modelinə keçidlə vəziyyəti daha da ağırlaşdıracağıq. Əminlik varmı ki, hansısa şirkət yüz milyonlarla vəsaiti yatıracaq və regional paylayıcı şəbəkələri yeniləyəcək? “Barmek” və “Bayva”nın timsalında gördük ki, mövcud sistemləri dağıtdılar, bir manat da vəsait yatırmadılar. Pul qazanmaq istəyən şirkətin nəyinə lazımdır ki, camaat narazı qalacaq, ödəməyə gücü çatmayacaq. Şirkətlərin qarşısında tələb qoyulacaq ki, infrastrukturu yeniləyin. Onlar da baxacaq ki, mövcud tariflə pul yatırmağa dəyməz, tələb edəcək ki, enerji tarifləri iki-üç dəfə bahalaşsın. Onlar camaatın, kasıb xalqın cibinə girib olan-olmazını süpürüb yatırım qoyacaq, qazanacaq, sosial narazılığı da nəzərə almayacaq. Burada oturan deputatlar narazı camaatın qabağına çıxmalı olacaq, hökumət nümayəndələri, dövlət adamları narazı xalqın qarşısında cavab verməkdə çətinlik çəkəcək. Demirəm ki, qəbul etməyək. Edək, amma indi yox. Heç olmasa, qanunun qüvvəyə minməsi tarixini çəkək 2028-ci ilə. Qanun beş il sonra qüvvəyə minsin. Təklif edirəm ki, ictimai dinləmə keçirilsin. Bu qanun enerji sahəsində siyasəti kökündən dəyişir və biz bunu birbaşa qəbul etməyək. Parlamentdə gözəl bir ənənə yaranıb. Maraqlı tərəflərin iştirakı ilə geniş ictimai dinləmə keçirilir. İctimai dinləmə keçirilsin, maraqlı tərəflər fikirlərini əsaslandırsın. Qanunu təqdim edən tərəf, ictimai təşkilatlar, ekspertlər, dövlət idarələri, “Azərenerji”, “Azərişıq” iştirak etsin, suallarımıza cavab versin”.

Deputat Vahid Əhmədov da qeyd edib ki, bu, sosial sahəyə təsir edən qanundur, ona görə də bu şəkildə qəbul edilməsinə qarşıdır: “Bu qanunu qısa müddət ərzində qəbul etsək, “Barmek”lə olduğu kimi, ciddi problemlə üzləşəcəyik. Biz belə qanunlarla bağlı niyə pilot layihələr həyata keçirmirik? Bir neçə rayonda belə pilot layihə həyata keçirilsin, sosial gərginlik yaratmırsa, ümumən ölkədə tətbiq olunsun”.

Deputat Elman Nəsirov də qanunla bağlı sosial məqamlara diqqət yetirilməsini vacib sayıb: “Xarici şirkətlərin bu sahəyə cəlb edilməsi tarif qiymətlərinə təsir edə bilər”.

Deputat Fazil Mustafa da qanunun qüvvəyə minmə müddətinin daha gec olmasını vacib hesab edib və bu sahədə öncə pilot layihələr həyata keçirilməsi təklifini dəstəkləyib: “Nəzarət və tənzimləmə dövlət qurumu tərəfindən həyata keçiriləcək, bu da liberal tənzimləmə deyil, sahibkar investisiya yatırmaqda maraqlı olmayacaq. Qiymətlərin düzgün tənzimlənməməsi nəticəsində Azərbaycanda son 7 ildə heç bir özəl tekstil müəssisəsi açılmadı. Bir neçə il əvvəl Qobustanda xalçaçılıq fabriki açılıb, enerji məsrəflərinə görə bağlandı.

Tənzimləmənin düzgün olmaması səbəbindən sahibkar müəssisəni bağlamaq məcburiyyətində qaldı. Elektrik və qaz təchizatının olmaması səbəbindən müəssisə işini dayandırırsa, müəssisə 10 min manatlarla zərərə uğrayır. Sahibkar məhkəməyə müraciət edirsə, qarşısında dövlət durur. Ona görə də bu məsələnin peşəkar müzakirəsi yaxşı olardı. Elə bir qanun qəbul edərdik ki, liberal tənzimləməyə yol açsın. Bu qanun yenə də tənzimləmə sahəsində dövlətin əsas sahibi olduğunu əks etdirir”.

Deputatlar tərəfindən bir çox ciddi məsələlərin qaldırıldığını qeyd edən Milli Məclis sədri Sahibə Qafarova da qanun layihəsi ilə bağlı müvafiq dövlət qurumlarının iştirakı ilə dinləmənin keçirilməsini mümkün sayıb. Spiker, eyni zamanda, komitə iclasına da müvafiq dövlət qurumlarının nümayəndələrinin dəvət olunması məsələsinə baxılmasını vacib hesab edib./APA