“PUTİN HAKİMİYYƏTİNİN SON ATIŞI …” – “Hakimiyyətin idarə olunan proseslə ötürülməsinin müzakirəsi başlasa…”backend

Aleksey Navalnının növbəti həbsi “Wall Street” investorlarının Rusiyadakı gələcəyi üçün yaxşı heç nə vəd etmir. Bundan sonra Rusiya bazarları onlar üçün çox az perspektivli görünür.

İnvestisiyalar üzrə qlobal araşdırma şirkəti “TS Lombard”-ın bazarlar sferası üzrə direktoru Kristofer Qranvillin fikrinсə, Rusiyadakı indiki siyasi canlanmanın əsas səbəbi uzunmüddətli Putin hakimiyyətinin özünün yekun fazasına girməsi faktıyla bağlıdır.

İnvestorlar üçün bir-birilə əlaqədar olan iki məsələ çox mühüm əhəmiyyət kəsb edir: Putin gedəndən sonra Rusiyada hansı siyasi sistem formalaşacaq və buna nə qədər vaxt gedəcək? Keçid müəyyən qədər yumşaq olacaq, yoxsa özüylə birlikdə ciddi qarışıqlıq gətirəcək? Onu da deyək ki, Rusiyada heç kim qarışıqlıq yaranmasını istəmir.

Hazırkı vəziyyəti şərh edən Qranvill deyib: “Aleksey Navalnıya həbs hökmü oxunan məhkəmə tamaşası hakimiyyətin ən aşağı həddə qədər yuvarlandığını göstərir. Lakin bundan sonra da belə halların olması mümkündür. Putinin endşpili nə qədər çox uzanarsa, risklər də bir o qədər artacaq”.

Əgər Putin növbəti iki ildə hakimiyyətin idarə olunan proseslə ötürülməsinin müzakirəsini başlasa, onda bu, yəqin ki, ölkədəki investisiya risklərilə bağlı problemlərin həll edilməsinin ən təhlükəsiz yolu olar. Ancaq indi Putinə nifrət edənlər üçün pis xəbər var: hakimiyyətin ötürülməsinin inqilabi yolla baş verəcəyinə böyük ümid bəsləməyin. Keçən il konstitusiyaya dəyişiklik bilərəkdən ona görə bu formada aparılıb ki, Putinin necə hərəkət etməsi üçün seçim imkanları yaransın. Həmin dəyişiklikdəki ən vacib addım isə seçilmək müddətinə qoyulan məhdudiyyətin götürülməsidir.

Konstitusiyadakı digər mühüm əlavə keçmiş prezidentlərin ömürlük toxunulmazlıq hüququna malik olmasıdır. Əgər Putin 2024-cü ildə hakimiyyəti “uğursuz” şəkildə ötürərsə və ya hakimiyyətə Navalnı kimi birisi yiyələnərsə, onda keçmiş prezident təhlükədə olacaq. Hazırda Putin əvvəlkitək populyardır və ona görə də onun öz yerinə təklif edəcəyi namizədin qalib gəlmək üçün bütün şansları var.

Putinə qədər hakimiyyət başında həmişə sərxoş vəziyyətdə olan Boris Yeltsin dayanmışdı. Yeltsin barəsində belə təəssürat qalıb ki, o, heç nəyin qayğısını çəkməyib, sadəcə, Qərb biznes -məsləhətçilərinin və Beynəlxalq Valyuta Fondunun arzularını yerinə yetirib. Boris Yeltsindən öncə isə Sovet İttifaqının dağılmasında müstəsna xidmət göstərən Mixail Qorbaçov olub. Bu, dünyada sülhün təminatına kömək göstərdi, amma sovet iqtisadiyyatı dağıldı və bu parçalanma Rusiya milli dövləti üçün böyük yaraya çevrildi. Putin Sovet İttifaqının dağılmasını bəşəriyyətin böyük geosiyasi fəlakəti adlandırır. Əgər təsəvvür etsəniz ki, Texas, Kaliforniya, Oreqon və Vaşinqton ştatları yoxa çıxıb, onda yəqin ki, onun hislərini yaxşı anlayarsınız.

“TS Lombard”-ın qənaətinə görə, Putinin təqaüdə çıxması Rusiya bazarlarının böyüməsi üçün “ümid yarışına” start verəcək. Qranvill deyib: ”İstənilən seçilmiş varis çox böyük ehtimalla qanunun aliliyi kimi mühüm və mürəkkəb sahələr üzrə islahatlara ehtiyatla yanaşacaq. Axı, nüfuzlu dairələr kəskin islahatlarda təhlükə görə bilərlər. Amma Navalnının zəhərlənməsindən sonra siyasətdəki münaqişələr artır.”

Digər tərəfdən isə Rusiyadakı hakim sinif illərdir Navalnı təhqiqatlarının hədəfinə çevrilib. Belə olan təqdirdə, hamı özünü sanki mühasirəyə alınmış qaladakı kimi hiss edir. Bu cür şərtlər daxilində hakim sinif “istənilən halda Putini prezident postunda saxlamalıyıq” variantını seçəcək. Onların istəyi Qorbaçov-Yeltsin tərzindəki xaosdan qaçmaqdır.

“Forbes”(ABŞ)

Tərcümə: “AzPolitika.info”