“Putin peyvəndin ikinci dozasını vurdurmayıb” – Peskovbackend

“Yazda koronavirusa qarşı peyvənd olunan Rusiya Prezidenti Vladimir Putin hələ ikinci dozanı qəbul etməyib”.

“Yeni Gündəm” xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, buna səbəb Putində koronavirusa qarşı antitel səviyyəsinin yüksək olaraq qalmasıdır.

“Xeyr, o yenidən peyvənd olunmayıb. Onda özü dediyi kimi, antitel səviyyəsi yüksək olaraq qalır”, – deyə Kreml nümayəndəsi qeyd edib.

Peskov, həmçinin bildirib ki, hazırda Putin görüşləri əsasən videoformatda keçirir: “Lakin bununla yanaşı o, canlı görüşlər də keçirir. Hətta bu gün zalda millət vəkilləri qarşısında çıxış edəcək. Bu, üz-üzə görüş olacaq. Həmçinin Ermənistanın Baş naziri ilə də görüş canlı olacaq. Bununla yanaşı, İsrailin Baş naziri ilə də gözlənilən görüş üz-üzə şəkildə keçiriləcək”.

Xatırladaq ki, Vladimir Putin koronavirusa qarşı peyvəndin ilk dozasını martın 23-ü qəbul etmişdi. Putin yerli “Sputnik V” vaksini ilə peyvənd olunduğunu açıqlamışdı.

Bir müddət öncə isə ətrafında çox sayda insanın koronavirusa yoluxmasından sonra o, iki həftəlik özünütəcrid rejiminə keçmişdi. Putin bildirmişdi ki, ətrafındakı insanlar zamanında ikinci dozanı qəbul etmədiklərinə görə bu hal baş verib.