Putinlə Əliyev telefonla danışdıbackend

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi saytı yayıb.

Danışıq zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatların icrası, regionda sülhün bərqərar olması, sabitliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələr və nəqliyyat kommunikasiyalarında mövcud olan blokadaların aradan qaldırılması ilə bağlı konkret məsələlərin həlli diqqət mərkəzində saxlanılıb.

Bundan əlavə Prezident İlham Əliyev mayın 22-də Brüsseldə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirdiyi görüş barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verib.

Qeyd edilib ki, danışıq əsnasında ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın bəzi aktual aspektləri də müzakirə edilib.

Prezident İlham Əliyevin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunu kimi Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da dərinləşdirmək üçün qarşılıqlı əməkdaşlıq təsdiq edilib.

Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdirilməsi razılaşdırılıb.