Qarabağ münaqişəsi artıq tarixdə qalıbbackend

Cari ilin oktyabr ayının 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş bir daha ölkəmizin Qarabağ məsələsindəki qəti mövqeyini ortaya qoydu.

İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik Qarabağ münaqişəsinə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mərhələli addımların atılması dövrüdür.
Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Soçi görüşündə gündəlikdəki məsələlərin əhatə dairəsi kifayət qədər geniş olmuşdur.

Yekun sənəddə “Qarabağ” və ya “Dağlıq Qarabağ” terminin işlədilməməsini, Qarabağla bağlı bir sözün belə qeyd olunmamasını Prezident cənab İlham Əliyevin üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə səsləndirdiyi “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” bəyanatının təzahürü kimi qəbul etmək olar.

Ölkə başçısı Soçi görüşündə növbəti dəfə qətiyyət nümayiş etdirərək, ölkənin milli maraqlarını güzəştə getməyəcəyini bir daha nümayiş etdirdi. Növbəti dəfə bəyan edildi ki, “Qarabağ bölgəsində yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik”.

Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirdi ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb.

Münaqişənin iki il bundan əvvəl həll edildiyini xatırladan dövlətimizin başçısı bu baxımdan görüşdə praktiki olaraq müzakirə edilməli məsələnin olmadığını vurğulayıb. Əslində, bu fikri bildirməklə Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” ifadəsindən sonra növbəti bir nida işarəsi qoymuş oldu. Yəni görüşdə səsləndirilən həmin fikir postmünaqişə dövrünün yeni mərhələsinin başlandığını özündə ifadə edir. Eyni zamanda bu fikir Xankəndi şəhərində mitinq təşkil edənlərə və onların havadarlarına tutarlı cavab oldu. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bundan sonrakı mərhələdə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində praktiki addımlar atılmalıdır.

İndiki sülhyaratma prosesində keçirilən görüşlərdə, verilən bəyanatlarda Qarabağa dair fikirlər yer almayıb. Çünki artıq Azərbaycan Prezidenti statusun ünvanını göstərib. Eləcə də dövlətimizin başçısı yeni iqtisadi rayonların yaradılması ilə bağlı olaraq artıq ölkəmizdə “Dağlıq Qarabağ” inzibati ərazi vahidinin olmadığını bəyan etmişdi. Onun sözlərinə görə, Prezident İlham Əliyev “Qarabağ xalqı” ifadəsini işlədənlərə cavab olaraq deyib ki, belə bir xalq yoxdur, orada yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Yəni müharibədən sonra irəliyə doğru xeyli məsafə qət etmişik. Hətta Ermənistanın siyasi rəhbərliyi də Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir, çünki bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Eləcə də, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin də bildirib ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və dünya bunu belə qəbul edir. Belə olan təqdirdə, bəzi fitnəkar, öz geosiyasi maraqlarını güdən dövlətlərin Qarabağla bağlı planlarını qabartmağa çalışmaları, separatçıları təlimatlandırmaları, Ermənistandan adamları yığıb Xankəndinə mitinqə aparmaları qəbuledilməzdir. İddia edirlər ki, həmin mitinqdə 25-30 min erməni olub. Ancaq təxminən iki ay öncə separatçıların başçısı Arayik Arutunyan Ağdərədə olarkən etiraf etmişdi ki, Qarabağda 18 min əhali yaşayır. Sonradan o verilən təlimata uyğun olaraq bu rəqəmi 25 minlə əvəzləyib. Hətta Qarabağda 25 min erməni yaşasa belə, onların hamısının həmin mitinqdə iştirak etməsi mümkün deyil. Ona görə də, aydın görünür ki, bu mitinq kənardan təşkil olunub. Regionda sülhün təmin olunmasına maraqlı olan dairələr “Dağlıq Qarabağ” ifadəsini işlətməməlidir.

Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə görüşdə dediyi fikirlər çox əsaslıdır. Cənab Prezident haqlı olaraq bəri başdan görüşün gündəliyini müəyyən edən dairələrə bildirdi ki, müzakirə edəcəyimiz məsələ sülhyaratma məsələsi olmalıdır. Ona görə də, Ermənistanla münasibətlərin normallaşdırılması prosesi diqqət mərkəzində olmalıdır. Qarabağ ətrafında hansısa söhbətlər aparmaq cəhdi isə Azərbaycan tərəfindən məqbul hesab edilməyəcək.

Zərinə Hümbətova—Azərbaycan Dövlət Pedaqoji Universiteti