QARABAĞIN İLK QURBANLARI – QƏRBİ AZƏRBAYCANLILAR…backend
Məcburi köçkünlərimiz işğaldan azad olunan torpaqlarımıza qaytarıldıqdan sonra dövlət tərəfindən onlara müvəqqəti yaşamaq üçün verilən evlərin bundan sonra şəhid ailələrinə verilməsi haqqında Prezidentin mövqeyi olduqca yüksək qiymətləndirilməlidir. Bu addım dövlətin vətən yolunda həyatını qurban verən vətəndaşın ailəsinə sahib çıxmasına bariz nümunədir…
Məcburi köçkünlər üçün tikilmiş evlərin sayının şəhid ailələrinin sayından dəfələrlə çox olmasını nəzərə alaraq bu mənzillərin bir qisminin sağlamlığını itirmiş hərbçilərə, növbədə dayanan hərbçilərə, vacib sahələr üzrə mütəxəssislərə verilməsi məqsədə müvafiq olar, müəyyən hissəsinin satılmasına da yəqin ki, gələcəkdə baxıla bilər.
Yeni imkanların xalqımızın rifahına xidmət edəcəyi göz önündədir…
Tarixi Azərbaycan torpaqlarında yaradılan qondarma Ermənistan adlandırılan respublikada yaşayan 250 mindən çox azərbaycanlının Qarabağımızın ilk qurbanları olduğu faktı hamıya məlumdur.
Maraqlıdır ki, Qarabağın dağlıq hissəsində hələki münaqişə müharibə mərhələsinə qədəm qoymamışdan, gediş gəlişin mümkün olduğu vaxtda bu münaqişənin ilk zərərçəkəni Ermənistanda yaşayan azərbaycanlılar olmuşdur.
Belə ki, fevral- noyabr 1988- ci il tarixlərdə Qərbi Azərbaycanlılar təxminən 10 ay müddətində müxtəlif xarakterli basqı altında yaşayıb dözsələr də onlar SSRİ hərbi qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin birgə səyləri nəticəsində dədə- baba torpaqlarından çıxarılmışdılar.
Bu zaman 200- dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, 250 mindən çox soydaşımızın daşınan əmlaklarının xeyli hissəsi ermənilər tərəfindən yağmalanmış, daşınmaz əmlaklarımızın əsas hissəsi əvəzi ödənilmədən, yaxud dəyişdirilmədən ermənərə qalmış, minik avtomobillərini belə çıxara bilməyən soydaşlarımız olmuşdur və s.
Azərbaycana pənah gətirən Qərbi Azərbaycanlıların az hissəsi evlərini uyğun olmayan şərtlərlə ermənilərlə dəyişə bilmişdilər .
Əsasən İrəvana və şəhərə yaxın bölgələrdə, eləcə də bəzi rayon mərkəzlərində olan soydaşlarımız sərfəli olmayan şərtlərlə evlərini dəyişə bilmişdilər.
Ev dəyişmə əməliyyatlarında hüququ pozulan azərbaycanlılar idi. Təsəvvür edin, şəhərdə yaşayan, şəhərə yaxın yerlərdə həyət evi, böyük torpaq sahəsi olan azərbaycanlı evini şəhərlə dəyişmək istəyirdisə ( Qarabağa qoymurdular) , o, movcud normativ qaydalar çərçivəsində bu əməliyyatı həyata keçirə bilərdi. Yəni azərbaycanlılar 100-200 kv.m evini torpaq sahəsi ilə birlikdə yalnız səhər üzrə normaya uyğun olan, ailə üzvlərinin sayına düşən kvadraturaya ( iki- dörd, az hallarda günlərlə gəzdikdən sonra tapa bilsəydilər beş otağa ) dəyişə bilərdilər. Azərbaycanlıya ailə üzvlərinin sayına uyğun şəhərdə mənzilə sahib olma norması tətbiq olunurdu.
Bu birtərəfli yanaşma sərfəli şərt yalnız ermənilərə sərf edirdi. Daha da konkretləşdirsək, hamı bilir ki, Zəngibasarda evlər digər yerlərə nisbətdə həmişə baha olub. İki və daha artıq otaqlı evimi azı 10 sot torpaqla 50 min manatdan yuxarı sata bilərdimsə, bu mümkün olmadığından, ermənilər insanların ən yaxşı halda evlərini dəyişməyə imkan verdikləridən, Bakıda isə həmin ərəfədə iki otaqlı evləri 8 min manata almaq mümkün olduğundan mən yalnız dəyişməyə gedə bilərdim. Ailə üzvlərinin sayı şəhər normasına uyğun olmalı idi. Müqayisə edin, 50 min manatliq mülkümü 8 min manatlıq quru evə dəyişməyə məcbur olurdum. Ev dəyişmə prosesində birtərəfli qaydada şəhər normalarının tətbiqi qərbi azərbaycanlılara vurulan növbəti zərbə idi.
Məcburi evdəyişmə əməliyyatı ilk əvvəl Qarabağ erməniləri ilə baş tutmaqda idi. Zəif Bağırov, xain Vəzirov, sonra isə bölucü Mütəllibov tərəfindən qərbi azərbaycanlı amilinə milli maraqlar baxımından yanaşılsaydı, bu toplumun ilk evdəyisənləri Qarabağdan uzaqlaşdırılmasaydı 30 il əvvəl bu problem beşiyindəcə boğulmuş olacaqdı. Təəssüf ki, milli maraqları düşünən insanlar o vaxt kənarda qalmışdı.
Əslində, Qarabağda qərbi azərbaycanlıların yerləşməsini arzulamayan qüvvələr məcbur olaraq onları şəhərlə evdəyişməyə yollarını açdılar. Bu zaman isə azərbaycanlıların hüquqlarınin necə pozulduğunu yuxarıda göstərdim…
Qərbi Azərbaycanlı soydaşlarımızın çoxu dağlıq ərazilərdə yaşadıqlarından, ” ərkəsöyün ” ermənilər oraları bəyənmədiyindən azərbaycanlılar evlərini dəyişmədən doğma yerləri tərk etmək məcburiyyətində qaldılar.
Azərbaycanda evsiz eşiksiz qalan bir hissə Qərbi Azərbaycanlı əhali müxtəlif variantlarla öz vəsaitləri hesabına bənzəri olmayan “özlərini məskunlaşdırma” yolu ilə evlərə sahib oldular.
Hətta bu günədək mənzil olmayan soydaşlarımız da vardır. Ən bəlalı vəziyyətdə qaçqın, sonra isə məcburi köçkünə çevrilən Qərbi Azərbaycanlılar da var. Belə ki, əvvəl Qarabağın Dağlıq hissəsində məskunlaşdırılan soydaşlarımız müharibə nəticəsində canlı itkilər verməklə məcburi köçkunə çevrildilər…
Hesab edirəm ki, məcburi köçkünlər doğma yerlərinə qaytarıldıqdan sonra Qərbi Azərbaycanlılardan həm məsləhət bilinən, xüsusilə, ermənilərə yaxın bölgələrdə müvəqqəti yerləşdirilməsi , həm də ağır vəziyyətdə olan ailələrdən şəhərlərdə, digər yerlərdə boşalan evlərdə yerləşdirilməsi ədalətli olardı.

Qərbi Azərbaycan İcması sədrinin birinci müavini Mirfaiq Mirheydərli.