Qardaşı nazir müavini, qayınatası isə… – Evi olmadığını deyən deputatla bağlı maraqlı məlumatlar yayıldıbackend

Azərbaycanda kirayədə yaşayan deputatlar içərisində Emin Hacıyevin də adı çəkilir. Yəqin ki, bir çoxları belə bir deputatın mövcudluğundan xəbərsizdir. İddia edirlər ki, o, imkansızdır və kirayədə yaşayır.

Öncə qeyd edim ki, E.Hacıyevin qardaşı Fərhad Hacıyev Gənclər və İdman nazirinin müavini vəzifəsində çalışır.

F.Hacıyevin də qaynatası ölkənin ən böyük marketlər şəbəkəsindən birinin sahibidir.

Nazir müavinlərinin, onların qardaşlarının, ailə üzvlərinin maddi vəziyyəti isə hər kəsə bəllidir.

Qayıdaq E.Hacıyevin özünə… 39 yaşlı bu cavan oğlan hələ 2008-ci ildə “Azərbaycanda ipoteka mənzil kreditləşməsinin formalaşması və inkişafı” mövzusunda namizədlik dissertasiyası yazıb.

Maraqlıdır, ev almağın yollarını araşdırıb bu sahədə alimlik dərəcəsi alan adam indiyə qədər necə evsiz qalıb? Özü də əvvəllər nazirlikdə, baş konsulluqda işləyəsən, qardaşın nazir müavini ola, tikinti maqnatı olan xeyli dostların da sənin qulluğunda dura… Gülməlidir, deyilmi?!

Yaxşısı budur, digər “evsiz” deputat Şahin Seyidzadə kimi “siz kirayədə qalırsınızmı?” sualına belə cavab verəsən: “Adıma ev və mənzil yoxdur…”.

Samir Feyruzov