Qazaxda bulaqlar insanların üzünə niyə bağlanıb? – “Dövlət büdcəsinə ziyan vururlar”backend

Qazaxın Daşsalahlı kəndində yerləşən məşhur Damcılı və Məmməd Koxa (Qara bulaq) bulaqları yerli sakinlərin üzünə qapadılıb.

Bu barədə Pravda.az-a jurnalist Ayyət Əhməd məlumat verib.

Putin NATO-nu gücləndirir - Ayyət ƏHMƏD yazır

O bildirib ki, Qazaxın Daşsalahlı kəndində füsunkar təbiətə malik, insanların nəfəs kəsən istilərdə gedib dincəldiyi iki məkan var: “Biri Avey dağının ətəyində yerləşən Damcılı bulağıdır, digəri isə Məmməd Koxa bulağı. Bu istirahət məkanları uzun illərdir, Daşsalahlı kəndi formalaşandan bəri əhalinin istifadəsində olub. Daşsalahlı kəndi Qazaxın ən böyük kəndidir. Ərazisinin böyüklüyünə görə respublikada üçüncü kənd hesab olunur. 2020-ci ildə pandemiya zamanı həmin məkanlar bağlandı, insanların ora gedişinə qadağa qoyuldu. Sonradan məlum oldu ki, bəzi məmurlar özlərinə rayon mərkəzində restoranlar şəbəkəsi qurublar. Bulaqları bağlamaqda məqsədləri budur ki, kənd camaatı əlamətdar günlərdə Damcılıya, Qarabulağa yox, məmurların restoranlarına təşrif buyursun. Rəsmi qurumlar bu məsələyə ona görə reaksiya cavab vermirlər ki, bu, onlara sərf etmir. Məsələni araşdırdım, mənə dedilər ki, 2008-ci ildən qanun var. Qanun bu qədər müddətdir var idisə, tətbiqi indi yadlarına düşdü? Azərbaycanda elə bir qanun yoxdur ki, Allahın təbiət hadisələri nəticəsində yaratdığı xaruqələri xalqın əlindən alasan. Bu məsələ Qazaxda böyük narazılığa səbəb olub. Məndə bununla bağlı çoxsaylı müraciətlər var. Sosial şəbəkədə də paylaşım etmişəm. Təbii ki, Qazax Rayon İcra Hakimiyyəti də mənim yazdıqlarımı görür, amma nəticə çıxarmır. İddia edirlər ki, Avey qoruqdur. Mən də iddia ortaya qoyuram ki, doğrdudan da Avey dağı, Damcılı bulağı qoruqdursa, onda niyə daş karxanalarını yara-yara gəliblər, Aveydağ mağarasının üzərinə çatıblar? Karxanalardan böyük gəlirlər alırsınız? Necə olur, insanları buraxmırsan ki, qoruqdur, halbuki orada insanların dağıdacağı, qıracağı bir şey yoxdur. Daş, qaya, betondur… O qədər absurd qərardır ki, gülməkdən başqa nəsə düşünmək olmur. Bütün dünya ölkələrində insanlar süni əyləncə məkanları yaradırlar ki, oradan turistik məqsədlər üçün istifadə etsinlər. Qazaxda isə bu cür gözəl məkanları turistlərin üzünə qapadırlar. Bu adamlar dağı suvenir kimi qoruyub-saxlayırlar. Biabırçılıqdır və buna artıq son verməyin zamanıdır. Guya Avey dağını qoruq etmək istəyirlər, əslində isə oranı zibillik basıb. Əvvəllər Damcılıda insanlar dincəlirdilər, xidmətçilər də çalışırdı, oranı təmiz saxlayırdılar. Bunlar isə xalqla yanaşı dövlət büdcəsinə də zərbə vururlar. Qonşu Gürcüstanda belə məkanlar turistlər üçün ödənişlidir. Oradan əldə edilən gəlirlər dövlət büdcəsinə əlavə edilir, büdcə möhkəmlənir. Bunlar isə istəyirlər ki, restoranlarına xərclənən pullar dövlət büdcəsinə deyil, öz ciblərinə getsin. Məsələni işıqlandırırıq, amma nəticə çıxaran yoxdur. Hətta Bakıda Heydər Əliyev Mərkəzinin ətrafındakı yaşıllıqda insanlar dincəlirlər, piknik edirlər. Belə bir mötəbər Mərkəz buna icazə verir, amma bunlar uzaq kənddə insanların dağın ətəyində dincəlməsinə imkan vermirlər. Təcili ölçü götürməsələr, problemi aradan qaldırmasalar, özlərinə ziyan olacaq”.

Jurnalist deyib ki, Qazaxda problemlər çoxdur, təkcə bu məsələ deyil: “Su probleminə görə kəndli əkin-biçinlə məşğul ola bilmir. Bəzi oliqarxlar – bunların içində məmurlar da var – böyük torpaq sahəsi alır, özləri əkib-biçirlər, kəndliyə su vermirlər. Aidiyyatı dövlət qurumları bu məsələni araşdırmalıdırlar. Qazaxda yol, işıq, bəzi yerlərdə qaz problemi də var. Yeni məhəllələrə qaz verilmir, insanları taleyin ümidinə buraxıblar. Qazaxın mərkəzi yolu sahibkarlara satılıb. Obyektləri az qala yolun ortasında tikiblər. Qazaxda vəziyyət o qədər dözülməzdir ki, haradan başlayıb-qurtaraq, bilmirik. Mənə belə gəlir ki, çox yaxın vaxtlarda cənab Prezident Qazaxa əl gəzdirməli olacaq. Yoxsa bu məsələlər həllini tapmayacaq. Kosmetik dəyişikliklər, avazı gözəl sözlərlə nəticə əldə etmək olmaz. İnsanlar əməli iş görmək istəyirlər, bu isə yoxdur. Danışanı susdurmağa çalışırlar. Deyirlər ki, danışmayın, hər şey gözəldir. Sanki Qazaxda bunlar Şimali Koreya qurmaq istəyirlər. Qazaxda hansı restoran hansı məmurun qohumunundur, bunu yaxşı bilirəm. Özləri böyük gəlirlər əldə edirlər. Sadə vətəndaşın probleminə işıq tutan, onunla maraqlanan yoxdur. Ümid yalnız cənab Prezidentə qalıb. Problemlər get-gedə dərinləşir, həlli isə dibsiz dərinliyə düşür”.

Pravda.az sözügedən istirahət məkanlarının bağlanması ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinə ötən həftə sorğu göndərsə də, hələ də mövqe bildirilməyib.