Qazaxıstandakı qarmaqarışıq vəziyyət üzərindən xəyallar quran perspektivsizlərin davranışından da nəticə çıxarmalıyıq.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingent adı altında Qazaxıstana daxil olmasının bir adı var – işğal!!! Hamı yaxşı anlayır ki, Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələrinin təmsil olunduğu KTMT-də söz sahibi Rusiyadır və bu qurum məhz Kreml tərəfindən idarə olunur.
Qiymət artımına etiraz adı altında təşkil olunan iğtişaşlar, sonra bu hadisələrin təcavüz aktı kimi xarakterizə edilməsi, Qazaxıstanda “terror” təhlükəsinin aradan qaldırılması üçün bu ölkənin prezidenti tərəfindən KTMT-dən (əslində Rusiyadan) yardım istənilməsi incəliyinə qədər öncədən hazırlanmış plan olub.
Diqqət çəkən məqamlardan biri budur ki, Qazaxıstana qoşun yeridilməsi KTMT nizamnaməsinin 4-cü maddəsi əsas gətirilərək icra edilib. Həmin maddədə göstərilir ki, KTMT-nin iştirakçı dövlətlərindən biri təcavüzə, ərazi bütövlüyü və suverenliyi təhdid edən silahlı hücuma məruz qalarsa, bu hal müqavilənin iştirakçısı olan bütün dövlətlərə qarşı təcavüz kimi qiymətləndirilməli və həmin dövlətin xahişilə digər iştirakçı ölkələr dərhal ona hərbi yardım da daxil olmaqla, zəruri köməklik göstərməlidir.
Amma sual olunur? Məgər Qazaxıstanda terrormu baş verib?! Qazaxıstana hansısa ölkə ərazi təcavüzümü edib? Bunların heç biri baş verməyib. Meydanda olan qazax xalqıdır! Sosial tələblərlə etiraz nümayişləri keçirir. O zaman KTMT-nin bu ölkəyə qoşun yeritmək qərarının heç bir hüquqi əsası yoxdur, kobud səhvdir, birbaşa nizamnaməyə ziddir. Nəzərə alınmalıdır ki, prezident Tokayevin xalqa məlum müraciətində də iğtişaşlardan, quldurluq, xuliqanlıqlıq edən dəstələrdən bəhs olunurdu. Terrorist kəlməsi sonra ortaya atıldı.
Yəni, ilk baxışdan Qazaxıstanda baş verənlərdə yalnız xalqın tələbləri faktı var idi, başqa heç bir fakt yox idi. Çünki hadisələr başlayan vaxt iqtidarın atdığı addımlar da məsələnin bu rəngdə olduğunu təsdiqləyirdi. Çünki yanacağın qiymətində geriyə addım atıldı. Hökumət istefaya getdi. Bu küçə üsyanının lideri xalq özü idi, lideri yox idi deyə etirazlar başqa yön almağa başladı. Belə bir durumda xalq qəzəbindən istifadə edən, xalq etirazını koordinasiya etməyə başlayan virtual bir yırtıcı əl meydana girdi və artıq bu əlin kim olduğu açıq görünür. Əks təqdirdə KTMT-nin nizamnaməsinə zidd qərar çıxarılmazdı.
Tutaq ki, Qazaxıstanda baş verənlər həqiqətən kənardan idarə olunmayıb və iğtişaşlar baş verib? Elə isə niyə bu iğtişaşları yatırtmaq üçün Qazaxıstanın özünün qoşunlarından, hüquq-mühafizə orqanlarından yetərincə istifadə edilmədi? Məgər Qazaxıstan bu qədərmi zəif dövlət idi? Kütlənin qarşısını almaq mümkün deyildisə, bunu KTMT qoşunları necə həll edə bilərdi?
Bu gün Rusiya mediasında Qazaxıstanın əldə etdiyi uğurların üstündən məqsədli şəkildə xətt çəkilsə də, fakt odur ki, bu ölkə müstəqillik dövründə ən inkişaf etmiş MDB ölkələrindən biri olub. Ölkədə sosial vəziyyət heç də acınacaqlı deyildi. Deməli, Qazaxıstanın tək səhvi ondan ibarət olub ki, getdikcə daha müstəqil siyasət yürütməyə başlayıb, Rusiyanın müəyyən tələblərinə yox demə cəsarətini özündə tapa bilib. Qazaxıstanda baş verənlər bu cəsarətin, milli mövqenin bədəlidir!
Artıq birmənalıdır ki, kənardan qoşun çağrılması düşünülmüş planın tərkib hissəsi olub. Rusiya Qazaxıstanı cəzalandırmağı planlamışdı və cəzalandırdı! Amma hələ son deyil. Xalq bu xəyanətin layiqli cavabını verməsə, müstəqilliyini növbəti dəfə itirmək taleyini yaşamalı olacaq. Qazaxıstan xalqı bunu bağışlamamalıdır! Qazax xalqı lidersizləşdirilən, dövlətsizləşdirilən ölkəsinin daha təhlükəli oyunların qurbanına çevrilməsinə imkan verməməlidir!
Tarix təkrar olunur. 1990-cı il yanvarın 20-də sovet qoşunları təxminən bu ad altında Bakıya yeridilmişdi. SSRİ-nin Əfqanıstana daxil olması da oxşar ssenari ilə baş vermişdi. İndi də Qazaxıstan! Qazaxıstan hadisələri neoklassizmin formasıdır. Hadisələrin ssenaristi ortadadır. Baş verənlərin müəllifləri sırasında nə Türk dünyası, nə qazax xalqı, nə də Qərb dayanıb…
Xalq olaraq biz də Qazaxıstan hadisələrindən nəticələr çıxartmalıyıq. Müxalifətin radikal qanadının hansısa təmsilçisi və ya xaricdə yaşayan hansısa bloger sosial şəbəkədə başqa hava çala bilər. Onlar hakimiyyətə gəlmə pususundadırlar, müxtəlif ölkələrdəki hər bir qarmaqarışıq vəziyyət üzərindən çirkin, qorxulu xəyallar qururlar. Yaxşı başa düşürlər ki, SSRİ-ni diriltmək planları üzərindən icra olunan amansız Qazaxıstan hadisələrinin demokratiya ilə heç bir bağlılığı yoxdur. Fəqət, buna rəğmən qızışdırıcı metodlarla xaos mühitinin yaranmasına dəstək çağırışları edirlər.
Biz həm də bu perspektivsizlərin davranışından nəticə çıxartmalıyıq. Anlamalıyıq ki, bu cür qüvvələr doğrudan da, təhlükəli qüvvələrdir, çünki özbaşına hərəkət etmirlər, müəyyən bir mərkəzdən, planlaşdırılmış siyasi xətdən çıxış edirlər, kor-koranə xain ssenarilərə dəstək verirlər. Kimisi xaricdə, kimisi daxildə oturub Qazaxıstan hadisələri üzərindən ölkəsi əleyhinə çirkin kampaniya aparır. Hədəfləri isə ortadadır: hakimiyyət qınaq obyektinə çevrilsin, ictimai narazılıq artsın, ölkədə qarmaqarışıq bir vəziyyət yaransın, bundan istifadə edən maraqlı çevrələr Azərbaycan üzərindən özlərinə gərəkli olan ssenariləri başlatsınlar.
Son prosesləri izləyən və təəssüf hissi keçirən ağıllı insanlar isə Qazaxıstanı unutmayacaq: Qazaxıstan 30 ildə qurduğu dövlətçiliyini ağır zərbə altında qoydu. Qazaxıstanın dövlət müstəqilliyi indi can üstündədir!”
Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, jurnalist Elman Babayev