Qənirə Paşayeva Dövlət Akademik Dram Teatrının qazi əməkdaşları ilə görüşübbackend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Dövlət Akademik Dram Teatrının qazi əməkdaşları Rüfət Çingiz oğlu Cabbarov və Tərlan Vüqar oğlu Əsgərli ilə görüşüb.

Q.Paşayeva Vətən Müharibəsinin qazisi olan mədəniyyət işçilərini ölkəmizin tarixi qələbəsi münasibətilə təbrik edib: “Sizi işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə ürəkdən təbrik edir, Milli Məclisin Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan ən xoş diləklərimi yetirirəm!
30 il müddətində işğalçılara qarşı döyüşlərdə və erməni terroru nəticəsində həlak olmuş mədəniyyət işçilərimizin ruhunu ehtiramla yad edir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.
Sizi, Sizin timsalınızda çiyin-çiyinə vuruşduğunuz hərbçilərimizi, habelə, teatrınızın əməkdaşlarını bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm!
Siz bu ilin sentyabr ayında, qismən səfərbərliklə bağlı Prezident Sərəncamına əsasən Ordu sıralarına çağırılmısız. Düşmənlə döyüşlərdə mərdliklə vuruşmusuz.
Sizin xilaskarlıq missiyanız tapdaq altında qalmış şəhər və rayonlarımızda dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, teatrların da bərpası, təmiri üçün imkanlar açıb.
Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk. Sizi bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm!
Q.Paşayeva R.Cabbarov və T.Əsgərliyə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saat təqdim edib.
Dövlət Akademik Dram Teatrının qazi əməkdaşları səmimi qəbul üçün Komitə sədrinə təşəkkürünü bildirib.