Qənirə Paşayeva Nizami yaradıcılığına həsr olunan sərginin açılış mərasimində çıxış edibbackend
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva “Nizami Gəncəvi İrsi XXI əsr” simpoziumunun son hissəsi, Nizami yaradıcılığına həsr olunan sərginin açılış mərasimində çıxış edib
“Yeni Gündəm” xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Heydər Əliyev Fondunun, Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki Mədəniyyət Mərkəzi – Eko Parkda “Nizami Gəncəvi İrsi XXI əsr” simpoziumunun son hissəsi, Nizami yaradıcılığına həsr olunan sərginin açılış mərasimində çıxış edib.
Komitə sədri Nizami Gəncəvini Azərbaycan fəlsəfi fikrinin böyük elçisi kimi səciyyələndirib: “Biz Heydər Əliyev Fondunun, Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə keçirilən bu tədbirdə iştirakdan şadıq. Zirə Mədəniyyət Mərkəzi – Eko Parkın qalereyası ilə, Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında hazırlanmış əl işlərindən ibarət sərgi ilə tanışlıq çox xoş oldu. Ölkəmizin mədəniyyət təsrrüfatı yenilənir, zənginləşir, yeni ünvanlar qazanır və bu ünvanlar öz mükəmməlliyi ilə seçilir. Həm bu işlər, həm də cənab Prezident İlham Əliyevin Azərbaycanın böyük mütəfəkkirlərinin irsinə diqqəti bütövlükdə mədəni irsimizin qorunmasına, yaşadılmasına, zənginləşdirilməsinə, yeni nəsillərə aşılanmasına xidmət edir. Respublikamızda bundan daha öncəki təqvim ilinin “Nəsimi ili”, bu il “Nizami Gəncəvi İli” elan edilməsi, habelə Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı, qüdrətli söz sənətkarının Bakıda heykəlinin ucaldılması ilə bağlı Sərəncam verilməsi, Şuşanın Mədəniyyət Paytaxtı olaraq təsdiq olunması  Azərbaycan mədəniyyətinin ölkəmizlə yanaşı beynəlxalq səviyyədə təbliğinə böyük töhfələrdir. Bütün bunlara görə cənab Prezidentimizə, mədəni irsimizin UNESCO, İSESCO səviyyəsində xüsusi diqqət və qayğı ilə əhatə olunmasında müstəsna xidmətləri olan Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarıq.
Əlbəttə, milli-mənəvi dəyərlərimiz köklü ənənələrə malikdir. Bu sırada Nizami Gəncəvi irsi özünəməxsus yerə, rola malikdir. Dahi şairin əsərləri dünyanın onlarla dilinə çevrilib, adı dünyanın bir çox yerində əbədiləşdirilib, heykəlləri ucaldılıb.
Nizaminin xeyir əməllər carçısı olması, fitri istedadı, yaradıcı dühası bəşəri siqlətlidir. Bugünkü tədbir də Nizaminin zəngin irsinin öyrənilməsi, təbliği, tərənnümü baxımından önəmlidir. “Nizami Gəncəvi İli” çərçivəsində fərqli ölkələrdə keçirilmiş çoxsaylı  tədbirlərlə Azərbaycan mədəniyyətini və mədəni dəyərlərimizi dünyada bir daha təbliğ və tərənnüm etmiş olduq.
Biz Nizami ideyalarını uşaq və gənclərimizə ötürməliyik. Nizami böyük dəyərdir və onun ideyaları hər zaman aktualdır. Bu gün dünyada onun əsərlərindəki qadın azadlığı, xeyirxahlıq kimi dəyərlərə çox ehtiyac var”.