Qənirə Paşayevanın ölümündən 1 il ötdübackend

Mərhum millət vəkili, ictimai xadim, professor Qənirə Paşayevanın ölümündən 1 il ötdü.

“Yeni Gundem” xəbər verir ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərlə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.

1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub. 2012-2015-ci illərdə «Odlar Yurdu” Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik edib.

Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Q.Paşayeva Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

Gürcüstanın, habelə Türkiyənin bir çox vilayətlərinin fəxri vətəndaşı olan Qənirə Paşayeva Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilib.

O, həmçinin, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.

Millət vəkili Qənirə Paşayeva 2023-cü ilin sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.  Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuşdu.

48 yaşında vəfat edən Qənirə Paşayeva II Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!