Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verdibackend

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyana cavab verib.

“Yeni Gundem” cavabı təqdim edir:

“Bu gün Berlində Almaniya Xarici Əlaqələr Şurasında (DGAP) çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması ilə bağlı çağırışları Ermənistanın ərazi bütövlüyü və suverenliyinə toxunan bir şey kimi təhrif etməyə çalışıb.”

“Baş nazirə xatırlatmaq istərdik ki, etnik təmizləmə insanlığa qarşı cinayətdir və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtması əsas insan hüququdur. Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qaytarılması imkanlarının təmin edilməsi Ermənistanın BMT Nizamnaməsindən, Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasından, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktdan və bir çox digər mühüm beynəlxalq müqavilələrdən irəli gələn öhdəliyidir.

Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi regionda sülhün və təhlükəsizliyin qorunması üçün əvəzsiz şərtdir. Biz dinc, təhlükəsiz və ləyaqətli qayıdış üçün baxışımızı formalaşdırıb ictimaiyyətə təqdim etdik. Biz bir daha Baş nazir Paşinyanı Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtmasını təmin etmək üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırırıq”.

Fərahim Rəhimov