Qərbi Azərbaycan məsələsi bizim ümummilli məsələmizdir və biz bu tarixi torpaqlara qayıtmalıyıqbackend

Azərbaycanlılar etnik mənsubiyyətinə görə müxtəlif vaxtlarda Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunublar. Təkcə XX əsrdə ermənilər havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və nəhayət, 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq olmuşlar. Onlar soydaşlarımızı öz ata-baba yurdlarından deportasiya etməklə pərən-pərən salmışlar. Son 220 il ərzində isə Qərbi Azərbaycandan (indiki Ermənistandan) etnik mənsubiyyətinə görə qovulan və dünyanın ən müxtəlif ölkələrinə səpələnən, o cümlədən Azərbaycanda məskunlaşan Qərbi azərbaycanlıların, onların varislərinin sayı 5 milyondan çoxdur. Təkcə 1948-1953-cü illər bu ərazidən 150 min nəfərə yaxın, 1988-1991-ci illərdə isə 300 min nəfərə yaxın soydaşımız deportasiya olunub. Ən böyük deportasiya isə 1918-1920-ci illər soyqırımı zamanı baş verib. Əslində, azərbaycanlıların Qərbi Azərbaycandan sıxışdırılıb çıxarılması bütün 220 il ərzində davam edib.

Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından isə artıq 34 il ötür. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 34 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir.

Bu hadisəyə, o cümlədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi  qırğınlarla səbəb olub. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası başa çatdıqdan sonra erməni millətçiləri Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizlənməsinin, soyqırımının növbəti mərhələsinə başlayıb və Azərbaycan Respublikasının 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Bu gün də mədəni-tarixi irsimiz ermənilər tərəfindən dağıdılır, yer üzündən silinir. Bu ədalətsizliyə son qoyulmalıdır və bizim hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlimizdən gələni etməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib: “Əfsuslar olsun ki, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı Ermənistana, demək olar, bağışladı. Bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, İrəvan paytaxt kimi Ermənistana verilsin. Baxmayaraq ki, o vaxt İrəvanda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu, böyük səhv idi. Bu, o vaxt gənc Azərbaycan dövlətini erməni təxribatlarından qorumadı. Bəlkə də buna ümid edirdilər. Biz, demək olar ki, İrəvanı o vaxt itirdik. Amma görürük ki, ermənilərin iddiaları azalmır. Onlar vaxtaşırı ən yüksək səviyyədə müxtəlif cəfəng şüarlar, fikirlər səsləndirirlər ki, yenə də onların qonşu ölkələrin torpağına iddiaları var”. Dövlət başçısı bildirib ki, azərbaycanlılar tarixi torpaqlarını unutmamalıdır: “Bu da, gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq. Beləliklə, Qərbi Azərbaycan məsələsi bizim ümummilli məsələmizdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı