Qərbi Azərbaycan uğrunda mübarizə aparan təşkilatlar qüvvələrini birləşdirməkdə davam edir – FOTOLARbackend

Yanvarın 26-da Azərbaycan Qaçqınlar Cəmiyyətinin qərargahında daha iki təşkilat – Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması ilə İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) arasında Əməkdaşlıq protokolu imzalandı.

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqlar barədə danışdı və təəssüflə bildirdi ki, Ermənistan tərəfi bu reallıqları qəbul etməyin alternativsizliyini hələ də dərk etmir, erməni tərəfin revanşist qüvvələri öz faşist niyyətlərindən hələ də əl çəkmək istəmir və bütün bunlar bizdən daim ayıq-sayıq olmağı, tarixi hüquqlarımız uğrunda mübarizədən bir an geri durmamağı tələb edir.

AQC və QAİ sədri, millət vəkili Əziz Ələkbərli və İSBAM sədri Samir Adıgözəlli rəhbərlik etdikləri təşkilatların fəaliyyət istiqamətləri və hazırda həyata keçirdikləri layihələr barədə tədbir iştirakçılarını məlumatlandıraraq erməni yalanlarının ifşası və Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda birgə fəaliyyətin zəruriliyini xüsusi qeyd etdilər.

Qarabağ münaqişəsinin ilk mərhələsində – 1988-1991-ci illərdə ata-baba yurdlarından vəhşicəsinə qovulmuş insanların problemlərini beynəlxal müstəviyə çıxarmaqda qərarlı olan tərəflər bundan sonrakı fəaliyyətlərində birgə hərəkət edəcəklərini, bir-birlərinə dəstək ve­­rəcəklərini bəyan edərək təşkilatları arasında “Əməkdaşlıq Protokolu” imzaladılar.

Sənədi Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması adından təşkilatın sədri, millət vəkili Əziz Ələkbərli və İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) adından təşkilatın sədri Samir Adığözəlli imzaladılar.

Tədbirdə hər iki təşkilatın rəhbər orqanlarının nümayəndələri iştirak edirdilər.