Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai müzakirə təşkil edəcəkbackend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən “Yeni Gündəm”-ə bildiriblər ki, iclasda Agentliyə işə qəbul məsələlərinə baxılıb, Müşahidə Şurası tərəfindən yaradılmış İşə Qəbul Komissiyasının tövsiyələri dinlənilib. Müzakirələr əsasında Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının işçilərinin Agentlikdə uyğun vəzifələrə təyin olunmaları ilə bağlı məsələyə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Daha sonra Agentlik tərəfindən 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı bir sıra təşkilati məsələlər müzakirəyə çıxarılıb. Müşahidə Şurası üzvlərinin təklifi ilə 2021-ci il 20 sentyabr tarixdə “zoom” proqramı vasitəsilə 500-dək qeyri-hökumət təşkilatının iştirakı ilə kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirə edilməsi və onlardan təkliflərin toplanması qərara alınıb.
Qeyd edək ki, Müşahidə Şurasının bəzi üzvləri iclasa onlayn qaydada qoşulub.