Qeyri-humanist addımlar Ermənistanın terror fəaliyyətinin davamıdır – Politoloq Ülkər Piriyevabackend

Çox təəssüflə qeyd etməliyəm ki, Azərbaycan tərəfinin göstərdiyi humanizm müqabilində Ermənistan bu günədək Qarabağda minalanmış ərazilərin xəritəsini verməmişdi. Əlbəttə ki, mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Təbii ki, heç kim mina təhlükəsindən sığortalanmayıb, hərbçilərimizdən tutun, mülki şəxslərimizə, media nümayəndələrimizə qədər onlarca şəxs mina faciəsi ilə üzləşdilər.

Beləliklə, Vətən müharibəmiz başa çatdıqdan sonra mina xəritələri verilmədiyi üçün xeyli sayda mülki vətəndaşımız yaralandı və onlardan bir çoxu həlak oldu. Bütün bunlara baxmayaraq, Cənab Prezidentin ciddi nəzarəti altında dövlətimiz hər zaman humanist siyasət sərgiləməklə bərabər humanist addımlar atıb. Elə Ağdam rayonumuzun mina xəritələri qarşılığında təhvil verilən növbəti erməni hərbçilərinin vətəninə qaytarılması da humanist addımlarımızın bariz nümunəsi idi.

Elə ötən günlərdə əldə olunmuş razılığa əsasən, Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minaları özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verildi.

Onu da qeyd etmək yerinə düşərdi ki, dövlətimiz bir çox hallarda əsirlərin bəzilərini qarşı tərəfə heç bir şərt qoymadan geri qaytarmışdı. İstəyimiz odur ki, ermənilər də üçtərəfli sazişə sadiq qalsın, eyni zamanda Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinə hazırlıq niyətini ifadə etsin. Azərbaycan tərəfinin tək bir hədəfi var – regionda Sülh və əmin-əmanlıq olsun. Çünki müharibə bizim üçün artıq bitib, ərazi bütövlüyümüzü 44 günlük Vətən müharibəmiz ərəfəsində Güclü Siyasi Lider, Müzəffər Ali Baş Komandanımızın misilsiz şücaəti, Rəşadətli Ordumuzun qəhrəmanlığı ilə bərpa etmişik. Bu gün, cənab Prezidentimizin rəhbərliyi ilə Mədəniyyət beşiyimiz Şuşaya – Qarabağa qayıdış proqramı həyata keçiririk.

Ümid edirik, seçkilərdən sonra Ermənistan rəhbərliyi daha ciddi və real addımlar ataraq sülhün daimi olması üçün töhvə verməyə cəhd edər.

Mina xəritəsi ilə bağlı zəfərimizin bir neçə müsbət tərəfini qeyd etmək lazımdır. Bu addım, məhz beynəlxalq ictimaiyyətin   nəzərini Ermənistanın mina xəritələrinin verilməsi məsələsinə diqqəti artırdı. Çünki artıq Ermənistan tərəfi deyə bilməz ki, bizdə minalanmış ərazilərin xəritələri yoxdur. Beləliklə, onların bu yalanı ifşa olundu. Bəli, xəritələrin verilməsi məhz, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.

Belə ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik və bütün bunlar Azərbaycanın xeyrinədir.

Əlbəttə ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və Cənab Prezident tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir.

Bəs, faşizm və işğalçılıq niyyəti olan və hər zaman  öz havadarlarına arxalanan Ermənistandan humanist addımlar gözləmək nə dərəcədə doğrudur?

Bəli, qeyd etməliyəm ki, onlar heç vaxt səmimi olmadılar. Elə, keçmişdən bu günə qədər hər zaman saxta siyasət yürüdüblər və bugün də, bu ənənəni davam etdirirlər.

Əslində, onlarda ən kiçik bir insanlıq hissi olmuş olsa idi, onlar Xocalı boyda dəhşətli soyqırımı törətməzdilər.

Səmimiyyətsiz siyasət yürüdənlərdən nə qədər humanistlik gözləmək olar..

Ən bariz nümunə olaraq göstərsək, daha bir il belə tamam olmadan müqavilənin şərtlərinə əməl etməməkdə israr etmirlərmi?

Bəli, elə dünən də, bu gün də onlara Rusiya, Fransa və ABŞ-dakı diasporaları maddi və mənəvi güc verərək dəstəkləyir.

Əks halda bunu təkbaşına etmək üçün nə gücləri var, nə də cəsarətləri.

Elə təəssüflə deməliyəm, bütün bunlar onu göstərir ki, onların gözləri hələ də, Qarabağdadır.

Fikrimcə, Azərbaycana bütün ərazilərimizin mina xəritələrinin tam şəkildə verilməməsi kimi qeyri-humanist addımlar Ermənistanın terror fəaliyyətinin davamıdır..

Ülkər Piriyeva

Politoloq